Xəbər lenti

Ekspertlər 258 smartfonu sınaqdan keçirdi: 2026-cı ilin ən yaxşı modeli seçildi
Texnologiya 17:48 17.07.2026

Ekspertlər 258 smartfonu sınaqdan keçirdi: 2026-cı ilin ən yaxşı modeli seçildi

Almaniyanın CHIP nəşrinin mütəxəssisləri 258 smartfon üzərində apardıqları genişmiqyaslı sınaqlardan sonra 2026-cı ilin ən yaxşı smartfonlarının yenilənmiş reytinqini açıqlayıblar. Siyahıya həm flaqman, həm də orta qiymət seqmentinə aid modellər daxil edilib.

Qaynarinfo xəbər verir ki, reytinq hazırlanarkən cihazlar beş əsas meyar üzrə qiymətləndirilib: məhsuldarlıq, texniki təchizat, batareyanın işləmə müddəti, ekranın keyfiyyəti və kameraların imkanları. Hər meyar yekun nəticəyə 20 faiz təsir edib. Smartfonların qiyməti isə ümumi qiymətləndirmədə nəzərə alınmayıb.

İlin əvvəlində reytinqə iPhone 17 Pro Max başçılıq etsə də, son aylarda təqdim olunan yeni Android flaqmanları onu geridə qoyub.

Nəticədə birinci yeri OPPO Find X9 Ultra tutub. Smartfon Almaniya qiymətləndirmə sistemi üzrə 1,1 bal toplayıb. Burada 1,0 ən yüksək nəticə hesab olunur.

Ekspertlər OPPO Find X9 Ultra modelinə məhsuldarlıq, ekran və kamera göstəricilərinə görə ən yüksək qiymət veriblər. Cihaz aktiv istifadə zamanı 23 saat 14 dəqiqə işləmə müddəti nümayiş etdirib, tam enerji yığması isə bir saatdan az vaxt aparıb. Bununla yanaşı, mütəxəssislər yüksək keyfiyyətli korpusu və zəngin komplektasiyanı müsbət qiymətləndirsələr də, əsas kameranın görüntü kəskinliyinin bir qədər zəif olduğunu qeyd ediblər.

İkinci yerdə 1,2 balla vivo X300 Ultra qərarlaşıb. Smartfon yeni nəsil AMOLED ekranı, 200 meqapiksellik əsas və telefoto kameraları, həmçinin 2033-cü ilədək proqram təminatı yeniləmələri alacaq uzunmüddətli dəstəyi ilə seçilib. Onun əsas mənfi cəhəti isə iri ölçülü kamera blokunun çıxıntılı olması göstərilib.

Üçüncü, dördüncü və beşinci yerləri eyni – 1,2 balla Samsung Galaxy S26 Ultra, Xiaomi 17 Ultra və Honor Magic V6 bölüşüblər. Samsung və Xiaomi yüksək məhsuldarlıq və uzun batareya ömrü ilə fərqlənib, qatlanan Honor Magic V6 isə ekran keyfiyyətinə görə ön plana çıxıb.

İlk onluğa həmçinin Xiaomi 17, iPhone 17 Pro, OnePlus 15 və Honor Magic 8 Pro da daxil olub.

Orta qiymət seqmentində isə mütəxəssislər Poco M8 Pro modelini xüsusi qeyd ediblər. 1,8 bal toplayan smartfon qiymət və imkanlar baxımından ən uğurlu seçimlərdən biri hesab edilib. Model 120 Hz yenilənmə tezliyinə malik OLED ekran, IP68 standartına uyğun su və tozdan qorunma, həmçinin 20 saata qədər batareya ömrü ilə seçilir.

Ekspertlər müxtəlif qiymət kateqoriyaları üzrə də qalibləri müəyyən ediblər. Belə ki:

1000 avroya qədər – Samsung Galaxy S26 Ultra;
750 avroya qədər – OnePlus 15;
500 avroya qədər – Poco X8 Pro Max;
250 avroya qədər – Redmi Note 15 Pro.

"Apple" smartfonları arasında isə ən uğurlu seçim kimi iPhone 17 Pro Max göstərilib.

Bundan əvvəl AnTuTu platforması da qiymət və məhsuldarlıq nisbətinə görə ən sərfəli Android smartfonlarının reytinqini açıqlamışdı. Reytinqdə flaqman seqmentində iQOO, büdcə kateqoriyasında isə Redmi modelləri lider seçilmişdi.
 
Günay

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->