İqtisadçı Eldəniz Əmirov "Tesla" və "SpaceX" şirkətlərinin rəhbəri İlon Maskın son açıqlamalarını şərh edərək, onun 2036-cı ildə pulun böyük ölçüdə əhəmiyyətini itirəcəyi ilə bağlı proqnozunu əsassız adlandırıb.
Qaynarinfo xəbər verir ki, iqtisadçı sosial şəbəkə hesabında bildirib ki, İlon Mask müsahibəsində ictimai diqqəti cəlb edəcək və öz biznes maraqlarına xidmət edə biləcək kifayət qədər iddialı fikirlər səsləndirib.
Eldəniz Əmirov Maskın beş il ərzində süni intellektin bütün insanların ümumi intellektini üstələyəcəyi fikrinə də münasibət bildirib. Onun sözlərinə görə, "bütün insanların ümumi intellekti" anlayışının elmi ölçüsü yoxdur və insan intellekti yalnız hesablama qabiliyyəti ilə məhdudlaşmır. Yaradıcılıq, emosional zəka, sosial intuisiya və fiziki dünya ilə qarşılıqlı əlaqə kimi amillərin də nəzərə alınmalı olduğunu vurğulayıb.
İqtisadçı, həmçinin Maskın yaxın 10 ildə insanların süni intellekt üzərində tam nəzarəti saxlaya bilməyəcəyi barədə fikrinin yeni olmadığını qeyd edib. O bildirib ki, OECD, Dünya Bankı və BMT artıq uzun müddətdir süni intellektin sürətli inkişafının idarəetmə və hüquqi tənzimləmə baxımından risklər yaratdığını öz hesabatlarında vurğulayır.
Eldəniz Əmirovun ən sərt tənqidi isə Maskın robotların bolluq yaradacağı və 2036-cı ildə pulun əhəmiyyətini böyük ölçüdə itirəcəyi barədə proqnozuna yönəlib.
Onun fikrincə, robotlar istehsalın məhsuldarlığını əhəmiyyətli dərəcədə artıra bilər, lakin pul yalnız istehsalın nəticəsi deyil. İqtisadçı vurğulayıb ki, pul resursların bölüşdürülməsi, mülkiyyət hüquqlarının qorunması, məhdud resursların qiymətləndirilməsi və xidmətlərin mübadiləsi üçün əsas iqtisadi alət olaraq qalır. Buna görə də mövcud qlobal iqtisadi sistemdə pulun yaxın 100 ildə əhəmiyyətini itirməsi real görünmür.
Eldəniz Əmirov hesab edir ki, İlon Mask bu cür açıqlamalarla insanların gələcəklə bağlı gözləntilərinə təsir göstərməyə çalışır və bu yanaşma dolayısı ilə onun uzunmüddətli biznes maraqlarına xidmət edir.
İqtisadçı sonda əlavə edib ki, İlon Maskın əsas üstünlüyü təkcə texnoloji yeniliklər yaratmaq deyil, davranış iqtisadiyyatını və insan psixologiyasını dərindən bilməsidir. Onun fikrincə, müasir dövrdə böyük sərvət qazanmaq üçün iqtisadiyyatı bilməkdən daha çox insanların nəyə inanacağını və hansı ideyaların kütləyə təsir göstərəcəyini anlamaq önəm daşıyır.
Şərhlər