Çinin yeni nəsli müasir çətinliklərin öhdəsindən gəlməyə çalışarkən Mao Tszedunun ideoloji irsinə müraciət edir. Çin Xalq Respublikasının qurucusunun populyarlığının artması Pekinə narahatlıq üçün əsas verir.
Qaynarinfo xəbər verir ki, “South China Morning Post” qəzeti bunu Mao Tszedunun ölümünün 50-ci ildönümündə yazıb.
Son illərdə Çin gəncləri Maonu yenidən həyat məsləhətçisi kimi kəşf ediblər. ABŞ-la münasibətlərin gərginləşdiyi dövrlərdə onun fikirlərinə tez-tez istinad olunur. Gənclər internetdə Mao Tszedunun əsərlərinin müzakirəsinə həsr olunmuş oxu klubları təşkil edir, onun təlimini süni intellektlə hazırlanmış videolar vasitəsilə yayırlar. İnfluenserlər onun fəaliyyətinə həsr olunmuş bloqlar aparırlar. Bundan əlavə, yeniyetmələr onu “tszyauyuan”, yəni “müəllim” adlandırırlar. Nəşrin qeyd etdiyinə görə, Mao özü də bir vaxtlar məhz bu titulun ona verilməsinə üstünlük verdiyini bildirib.
Çanşada Maonun memorial kompleksinə gələnlərin sayı 10 il ərzində üç dəfədən çox artıb. 2016-cı ildə kompleksi 5,88 milyon nəfər ziyarət etdiyi halda, 2025-ci ildə bu rəqəm 19 milyona çatıb. Pekindəki Tsinxua Universitetində Maonun seçilmiş əsərləri ötən il kitabxanada ən çox oxunan kitablar siyahısına başçılıq edib. Həmin dövrdə “Taobao”nun iri onlayn ticarət platformasında Maonun portreti təsvir olunan 20 mindən çox emallı fincan satılıb.
Bu tendensiya artan millətçilik dalğası ilə üst-üstə düşür. Bir çoxları nüvə silahının hazırlanması, peyklərin orbitə çıxarılması və ölkənin daxili əyalətlərinin sənayeləşdirilməsi kimi sahələrdə Maonun uzaqgörənliyinə heyranlıq ifadə edirlər.
Analitiklərin fikrincə, Si Tszinpin dövründə Maonun xidmətlərinin daha çox tanınmasına diqqət artıb. Si Tszinpin 2013-cü ildə bildirib ki, islahatlar dövrü Maonun üç onillik hakimiyyətini “heçə çıxara bilməz”. Hökumət Maonu açıq şəkildə tənqid edən şəxslərə qarşı sərt senzura tətbiq edir.
Bununla yanaşı, ekspertlərin sözlərinə görə, Çin hakimiyyəti onun artan populyarlığını narahatlıqla izləyir. Pekin Mao təliminin populyarlığının yeni dalğasının ölkənin müasir iqtisadi siyasətinə və marksizmin müasir şərhinə şübhələrin yaranmasına səbəb ola biləcəyindən ehtiyat edir.
Sentyabrın 9-na olan məlumata görə, Çin hakimiyyəti ÇXR-in qurucusunun ölümünün 50-ci ildönümünü rəsmi şəkildə qeyd etmək niyyətini açıqlamayıb. Buna səbəb keçmiş liderlərin adətən onların doğum ildönümlərində yad edilməsidir.
Yubileylə bağlı yeganə xüsusi tədbir Pekindəki Mao Sədrin Memorial Zalında keçirilir. Çərşənbə günü memorialın iş saatları üç saat uzadılıb. Ziyarət üçün bütün yerlər bir həftə əvvəldən tamamilə bron edilib.
Aydın
Şərhlər