Xəbər lenti

Elektromobillər yağış sınağından çıxa bildimi?
Ekonomiks 09:00 19.04.2026

Elektromobillər yağış sınağından çıxa bildimi?

Yağışlı günlərdə sosial şəbəkələrdə paylaşılan kadrlarda su basmış yollarda aciz qalan, hərəkətsiz dayanan elektrikli avtomobillər xüsusi diqqət çəkdi. Bəs müasir texnologiyanın gələcəyi sayılan bu avtomobillər paytaxtın "yağış sınağı”ndan necə çıxdı?

Elektromobil ustası İlqar İsgəndərovun sözlərinə görə, daxili yanma mühərrikli maşınlardan fərqli olaraq, elektromobilləri su basmış yollarda sürmək 80 faiz hallarda avtomobilin sıradan çıxması ilə nəticələnir: "Avtomobil suda nə qədər çox hərəkət edərsə, bir o qədər tez xarab olur. Bu fəsadlar çox vaxt dərhal yox, müəyyən müddət sonra özünü büruzə verir. Elektromobillər suya düşdükdə elektron sistemi zədələnir. Suyun platalara və kontaktlara daxil olması bərpası çox çətin, bəzən isə mümkünsüz olan fəsadlar yaradır. Son yağışlı günlərdə servisimizə edilən müraciətlərin sayı kəskin artıb”. 

Usta bildirir ki, zəif izolyasiya səbəbindən xüsusilə Çin istehsalı olan avtomobillər daha çox risk altındadır. Elektromobillərin iş prinsipi ənənəvi mühərriklərdən fərqlidir. Burada batareya, invertor və yüksək gərginlikli naqillər mövcuddur. Həmin hissələrə su daxil olan kimi sistem tamamilə qəza rejiminə keçir ki, bunun da təmiri olduqca ağır və bahalıdır. 

Avtomobillər üzrə mütəxəssis Elçin Abbasov isə bildirdi ki, daxili yanma mühərrikli avtomobillər suya düşərkən mühərrikin içinə su dolması təhlükəsi yaranırsa, elektromobillərdə bu risk əsasən elektrik sistemlərinin izolyasiyasının pozulması ilə əlaqədardır. Ancaq elektromobillər və hibridlər yüksək gərginlik sistemlərini özləri qoruyurlar: "Bu qorunma ondan ibarətdir ki, yüksək gərginlik sisteminin avtomobilin kuzası (korpusu) ilə əlaqəsi yoxdur. Əgər 12 və ya 24 voltluq sistemlər mənfini korpusa verir və müsbəti paylayırsa, yüksək gərginlik sistemi korpusdan tam izolyasiya olunub. Cüzi cərəyan sızması və ya qısaqapanma olarsa, xüsusi relelər bunu dərhal aşkarlayır və cərəyanı kəsir. Ona görə də "elektromobildə insanları cərəyan vurar” qorxusu tamamilə əsassızdır, texniki cəhətdən mümkün deyil”.

E.Abbasovun fikrincə, problemlə üzləşən maşınlar əsasən əvvəllər qəzaya uğramış və xırda da olsa zədələr alanlardır: "Zədə nəticəsində akkumulyatorun və ya yüksək gərginlik sisteminə aid qurğuların izolyasiyası pozulur. Normal, sağlam akkumulyator sudan tam izolyasiya olunub və onda problem yaranmır. Lakin maşının altı harasa dəyibsə, quru havalarda bu bilinməsə də, suya girdikdə həmin zədəli hissədən, dəliklərdən içəriyə su daxil olur. Su daxil olduqda qoruyucu sistemlər işə düşür, akkumulyator cərəyan verilməsini dayandırır. Nəticədə avtomobil sönür, suyun ortasında qalır və məcburən evakuatorla servisə gətirilir”.

Ekspert bildirir ki, elektromobillə su yığılan ərazilərə girməkdənsə, geri qayıtmaq daha yaxşıdır: "Əgər suya girmək məcburiyyətindəsinizsə, suyun səviyyəsi qapı açıldıqda içəri dolmayacaq hündürlükdən aşağı olmalıdır. Həmçinin, sudan mütləq yavaş keçmək lazımdır. Çünki sürətlə hərəkət etdikdə yaranan dalğalar suyun səviyyəsini süni şəkildə qaldırır ki, bu da həm siz, həm də ətrafdakı avtomobillər üçün təhlükəlidir. Digər bir vacib məsələ - əgər hibrid avtomobil idarə edirsinizsə, belə havalarda akkumulyatorun səviyyəsini yüksək tutun və ancaq elektrik (EV) rejimində keçin. Daxili yanma mühərrikini işlətməyin. Çünki mühərrik rejimində sürsəniz, mühərrikin içinə su dola bilər”.

E.Abbasovun sözlərinə görə, belə vəziyyətdə servislərə ən çox müraciət edənlər taksi fəaliyyəti ilə məşğul olan avtomobillərdir. Bunun əsas səbəbi həmin maşınların intensiv istismar olunmasıdır: "Əgər avtomobilinizin qapısına qədər olan sudan ehtiyatla keçmisinizsə və maşında əvvəlcədən heç bir nasazlıq olmayıbsa, sürməyə davam edə bilərsiniz, yoxlatdırmağa ehtiyac yoxdur. Lakin dediyim həddən daha dərin sudan keçmisinizsə, ondan sonra avtomobili mütləq yoxlatdırmaq lazımdır. Səbəb isə odur ki, elektromobillərdə ötürmələr qutusunun və reduktorların nəfəslikləri, akkumulyatorların isə temperatur dəyişəndə havanın dövriyyəsi üçün xüsusi klapanları olur. Dərin suda həmin klapanlardan və nəfəsliklərdən sistemin içinə su dola bilər. Ona görə də hermetikliyin pozulub-pozulmadığını, hər hansı zədənin olub-olmadığını öyrənmək üçün profilaktik yoxlanış şərtdir”.

Elektromobil bloqeri İlkin Mustafayev də bəzi avtomobillərdə problemin olduğunu təsdiqləyir: "Normalda, istehsal prosesində hər bir avtomobilin batareyası su, toz və zərbədən qorunmaq üçün qlobal "İP” standartlarına cavab verməlidir. Lakin bəzi markaların istər elektrik, istərsə də hibrid modellərində bu standartlara əməl edilmədiyinin canlı şahidi olduq. Bu problem əsasən Çinin daxili bazarı üçün istehsal edilən modellərdə özünü büruzə verdi. Təbii ki, günahı yalnız istehsalçıda görmək haqsızlıq olar. Sürücülərin avtomobildən istifadə davranışları da burada mühüm rol oynayır. Elektromobillərdə ənənəvi mühərrik olmadığı üçün dərin sudan keçərkən "boğulma" və sönmə problemi yaranmır. Lakin "plug-in" hibrid avtomobillər tam elektrikli maşın hissi yaratdığından, bəzi sürücülər daxili yanma mühərriki işlək vəziyyətdə ikən dərin gölməçələrə girdilər və nəticədə mühərriklərinə ciddi ziyan dəydi”.

İ.Mustafayevin fikrincə, digər əsas problem batareyaya su sızması və izolyasiya qüsurlarıdır: "Bu izolyasiyalar daha dayanıqlı olmalı idi. Lakin bəzi istehsalçılar buna kifayət qədər diqqət ayırmırlar”.

Mənbə: "Kaspi" qəzeti
--> -->