Uzun illərdir tütün asılılığından xilas olmaq istəyənlərə "zərərsiz alternativ” kimi təqdim olunan elektron siqaretlər əslində gözləniləndən daha təhlükəli mənzərə ortaya qoyur.
Qaynarinfo xəbər verir ki, Sidney şəhərində yerləşən "University of New South Wales” çərçivəsində aparılan son tədqiqatlar bu cihazların sadəcə alternativ olmadığını, birbaşa xərçəng riskini artıran amil kimi çıxış etdiyini göstərib.
2017-ci ildən bu günə qədər toplanmış geniş məlumat bazasını analiz edən mütəxəssislər ağciyər və ağız nahiyəsində yaranan şişlərlə bu cihazlar arasında güclü əlaqə müəyyən edib. Tədqiqat qrupunun rəhbəri Bernard Stüart əldə olunan nəticələrin təsadüf olmadığını vurğulayır.
Araşdırmaya görə, elektron siqaret buxarı ilə orqanizmə daxil olan kimyəvi maddələr hüceyrələrin genetik strukturunda qalıcı dəyişikliklər yaradır və xərçəngin inkişafı üçün zəmin formalaşdırır. Əvvəllər "təsirlər tam məlum deyil” deyən tibb mütəxəssisləri indi daha sərt mövqe sərgiləyərək ciddi narahatlıq ifadə edirlər. Hətta stomatoloqların heç vaxt tütün istifadə etməmiş, yalnız elektron siqaret istifadə edən şəxslərdə ağız xərçəngi halları ilə rastlaşması riskin miqyasını göstərir.
Sənaye nümayəndələrinin bu məhsulları "siqareti tərgitmə vasitəsi” kimi təqdim etməsi istifadəçiləri daha böyük riskə sürükləyir. Bir çox insan köhnə vərdişindən imtina etmək əvəzinə həm adi siqaretdən, həm də elektron cihazlardan paralel istifadə edir.
"Ohio State University”nin 2024-cü il məlumatlarına görə, bu cür ikili istifadə ağciyər xərçəngi riskini yalnız siqaret çəkənlərlə müqayisədə dörd dəfə artıra bilər. Beləliklə, insanlar çıxış yolu hesab etdikləri seçimlə əslində orqanizmlərinə daha böyük zərər verirlər.
Xüsusilə meyvə ətirli məhsullar və rəngarəng dizaynlarla uşaqları hədəf alan marketinq strategiyaları nikotin asılılığı olmayan yeni nəsli risk altına salır. Mişel Conqenelis bildirir ki, sənaye mənfəət naminə gənc nəsli xərçəng təhlükəsi ilə üz-üzə qoyur.
Adi siqaretlərin zərərlərinin tam sübut olunması onilliklər çəkmişdi. Lakin alimlər hesab edir ki, elektron siqaretlər üçün cəmiyyətin bu qədər gözləmək imkanı yoxdur.
Bəzi mütəxəssislər yanma prosesi olmadığı üçün bu məhsulların daha az zərərli olduğunu iddia etsə də, mövcud elmi sübutlar infarkt, xroniki ağciyər xəstəlikləri və digər ciddi fəsadlara işarə edir.
Aydın
Şərhlər