Uzunmüddətli şənlik və gülüşün orqanizm üçün həqiqətən faydalı olduğu bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə gazeta.ru-ya Rusiya Sığorta Evi VSK-nın Rəqəmsal Klinikasının terapevti Marianna Mazra məlumat verib.
Həkim qeyd edib ki, elmi baxımdan gülüş mürəkkəb neyrofizioloji reaksiyadır və bu zaman əsas stress hormonu olan kortizolun səviyyəsi orta hesabla 30–37% azalır. Eyni zamanda gülüş zamanı dopamin və endorfinlərin — "xoşbəxtlik hormonları” kimi tanınan neyromediator sistemlərinin fəaliyyəti aktivləşir. Bu proses əhvalın yaxşılaşması, narahatlığın azalması və rahatlıq hissi ilə müşayiət olunur.
Mazranın sözlərinə görə, gülüşün birbaşa "müalicəvi” təsiri olmasa da, immun sisteminə dolayı təsiri elmi araşdırmalarla qismən təsdiqlənib. Tədqiqatlar göstərir ki, gülüş epizodları anadangəlmə immunitet komponentlərinin aktivliyini artıra və iltihab göstəricilərini azalda bilər.
"Bu, klinik baxımdan o deməkdir ki, şənlik stress yükünü azaltdığı üçün xəstəliklərin daha yüngül keçməsinə kömək edə bilər. Stress isə sağalma prosesinin ləngiməsi ilə əlaqəlidir. Buna görə də ORVI zamanı memlərə baxmaq da bir növ terapiyadır”, deyə həkim bildirib.
Gülüşün daha bir müsbət təsiri ağrının azalmasıdır. Bu, endorfinlərin — endogen opioidlərin artması ilə əlaqələndirilir. Araşdırmalardan birində göstərilib ki, komediya məzmununa baxdıqdan sonra iştirakçıların ağrı həddi orta hesabla 10–15% yüksəlib.
Digər klinik tədqiqatlarda isə xroniki ağrısı olan pasiyentlərdə "gülüş terapiyası” tətbiq edildikdən sonra ağrı intensivliyinin 10 ballıq şkalada təxminən 1–2 bal azaldığı, həmçinin həyat keyfiyyətinin yaxşılaşdığı müşahidə olunub. Effekt qısa müddətli olsa da, o, ağrıkəsici müalicəni əvəz etmir, lakin əlavə qeyri-dərman üsulu kimi istifadə edilə bilər.
Ümumilikdə şənlik xroniki stressin azalması vasitəsilə ürək-damar xəstəlikləri, metabolik pozuntular və narahatlıq-depressiv hallar riskinə müsbət təsir göstərə bilər. Eyni zamanda stressə davamlılıq və neyroendokrin tənzimlənmə üzərində də dolayı təsirlər qeydə alınıb.
"Gülüş orqanizm üçün əlavə resursdur. O, sağlamlığı dəstəkləməyin sadə və əlçatan yoludur. Hərçənd ki, o, əsas müalicəni əvəz etmir və klinik tövsiyələrə daxil deyil, amma stressin azalması və özünü daha yaxşı hiss etmək baxımından elmi əsaslara malikdir. Buna görə bəzən özünə ‘gülüş terapiyası’ təyin etmək pis fikir deyil”, deyə Marianna Mazra qeyd edib.
Aydın
Şərhlər