Xəbər lenti

Ən qalmaqallı G7 Zirvəzi: Liderlərin gizli söhbətləri, danlanan BƏƏ prezidenti...
Dünya 15:24 17.06.2026

Ən qalmaqallı G7 Zirvəzi: Liderlərin gizli söhbətləri, danlanan BƏƏ prezidenti...

Fransanın Evian-les-Bains şəhərində keçirilən G7 Liderlər Zirvəsi bu dəfə yalnız rəsmi müzakirələrlə deyil, açıq mikrofonlara düşən dialoqlar və diplomatik etiketi kölgədə qoyan anlarla gündəmə gəlib. 

Qaynarinfo xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyan arasında yaşanan dialoq isə ən çox müzakirə olunan hadisələrdən biri olub.

Trampın BƏƏ liderinə sərt reaksiyası gündəm oldu

Görüş zamanı Məhəmməd bin Zayed Əl-Nəhyanın alçaq səslə danışması Trampın diqqətini çəkib. ABŞ Prezidenti salondakılara müraciət edərək, "Bunu eşidən varmı" deyə soruşub və daha sonra qalmaqallı ifadə işlədib: "Bu qədər varlı olanda səsini qaldırmağa ehtiyac yoxdur".

Bu sözlər salonda gərgin, lakin nəzarətli reaksiyalara səbəb olub. Görüntülərdə BƏƏ lideri Məhəmməd bin Zayed Əl-Nəhyanın soyuqqanlı və ifadəsiz davranışı diqqət çəkib.



Kanada-ABŞ dialoqunda Çin müzakirəsi

Zirvə çərçivəsində Kanada Baş naziri Mark Karni ilə ABŞ Prezidenti Donald Tramp arasında ticarət məsələləri də diqqət mərkəzində olub. Kanada tərəfinin Çin istehsalı elektrik avtomobillərinə dair siyasəti ilə bağlı detalları Trampa izah etdiyi anlar kameraya və açıq mikrofonlara düşüb.

Karni Kanadanın ildə maksimum 49 min Çin avtomobili üçün kvota tətbiq etdiyini bildirərək bunu "məhdudlaşdırılmış tavan” kimi izah edib. O, "Bunun sizə uyğun olacağını düşünmüşdüm” deyərək Trampın razılığını almağa çalışıb.

Tramp isə bu izahdan sonra, "Bu yaxşıdır, xoşuma gəldi” cavabını verib.



Liderlərin qeyri-rəsmi söhbətləri də gündəmdə

Zirvə zamanı liderlərin qeyri-rəsmi söhbətləri də diqqət çəkib. İtaliya Baş naziri Corcia Meloninin səhər saatlarında oyanmaq üçün "üç fincan qəhvə” içdiyini deməsi və Almaniya Kansleri Fridrix Merzin siqaretlə bağlı sualı müzakirə mövzusuna çevrilib. Meloni bir ay əvvəl siqareti tərgitdiyini bildirib.

Britaniya Baş naziri Kir Starmer və Avropa Şurası sədri Antonio Koşta arasında da siqareti tərgitmə mövzusunda zarafatlaşmalar qeydə alınıb.

Bundan əlavə, futbol və UFC tədbirləri də liderlərin söhbətində yer alıb. Tramp ABŞ-da keçirilən UFC tədbirindən danışaraq təşkilat rəhbəri Dana Vaytı tərifləyib.



Makron saatını unutdu, Tramp zarafat etdi

İş yeməyindən sonra Fransa Prezidenti Emmanuel Makronun saatını masada unutduğu məlum olub. Kanada Baş naziri Mark Karni bunu zarafatla qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə vəziyyətə yumorla yanaşaraq, "Əgər qalıbsa, mənə verin” deyərək diqqət çəkib.

Zirvə gərgin diplomatik gündəmlə yanaşı, liderlər arasındakı qeyri-rəsmi və açıq mikrofonlara düşən anlarla da yadda qalıb.

Aydın

--> -->