Məşhur amerikalı iş adamı Cefri Epşteynin işi üzrə dərc edilmiş yeni sənədlərə əsasən, o, ruslara Donald Tramp haqqında məlumat ötürüb.
Qaynarinfo xəbər verir ki, "Politico”nun yazdığına görə, Trampın 2018-ci ildə Helsinkidə Rusiya lideri Vladimir Putinlə görüşündən təxminən bir ay əvvəl Cefri Epşteyn Rusiyaya belə bir mesaj ötürməyə cəhd
edib: "Əgər Trampı anlamaq istəyirsinizsə, mənimlə danışın”.
"Məncə, siz Putinə təklif edə bilərsiniz ki, Lavrov (yəni Rusiya xarici işlər naziri Sergey Lavrov) mənimlə danışsın”, – deyə Epşteyn 2018-ci il iyunun 24-də Norveçin keçmiş baş naziri, həmin dövrdə Avropa Şurasının baş katibi olan Torbörn Yaqlanda göndərdiyi elektron məktubda yazıb.
Epşteyn həmçinin qeyd edib ki, o, daha əvvəl BMT-də Rusiyanın səfiri Vitali Çurkinlə Tramp haqqında danışıb.
"Çurkin böyük insan idi. Bizim söhbətlərimizdən sonra o, Trampı anladı. Bu çətin deyil. Onu görmək kifayətdir ki, hər şeyin nə qədər sadə olduğunu başa düşəsən”, – deyə Epşteyn yazıb.
E-poçt yazışmalarında Yaqland bildirib ki, ertəsi gün Lavrovun köməkçisi ilə görüşəcək və Epşteynlə əlaqə qurulmasını təklif edəcək. "Politico” qeyd edir ki, bunun hər hansı nəticəyə gətirib çıxardığı naməlumdur.
Daha sonra Epşteyn Trampın Putinlə Helsinkidəki görüşü barədə fikirlərini bölüşüb.
"Rusların Tramp barəsində kompromatı varmı? Bu gün onun standartlarına görə belə dəhşətli idi”, – deyə Bill Klinton administrasiyasında sabiq maliyyə naziri Larri Sammers 2018-ci il 16 iyulda, yəni Helsinkidəki sammit günü Epşteynə yazdığı elektron məktubda qeyd edib.
Epşteyn ertəsi gün cavab yazaraq bildirib: "E-poçtum bu kimi şərhlərlə doludur. Vau. Mən əminəm ki, o, hər şeyin çox yaxşı keçdiyini düşünür. O, hesab edir ki, rəqibini ovsunlayıb… Aydındır ki, o, simvolizmin nə demək olduğunu anlamır. O, bir çox şeydən ümumiyyətlə xəbərsizdir”.
Epşteyn həmçinin Trampın Putinlə sammitdəki davranışını "proqnozlaşdırıla bilən” adlandırıb.
Epşteyn Trampın keçmiş müşaviri Stiv Bennonla elektron yazışmalarında bildirib ki, Bennon Avropada təsir sahibi olmaq istəyirsə, fiziki olaraq orada olmalıdır.
"Əgər burada oynamaq istəyirsinizsə, vaxt sərf etməlisiniz – Avropa məsafədən idarə edilmir”, – deyə Epşteyn yazıb.
O, Bennona bildirib ki, xarici liderlərlə şəxsi görüşlər təşkil edə bilər, lakin bunun üçün o, bir neçə gün qalmalıdır.
"Qorxu ondadır ki, siz onların ümidlərini və emosiyalarını alovlandırırsınız, sonra isə onları tərk edirsiniz. Məncə, siz "insayder” olmaq istəyirsiniz, "uçub gedən kənar adam” yox”, – deyə Epşteyn vurğulayıb.
Qeyd edək ki, Cefri Epşteyn – qalmaqallı amerikalı maliyyəçidir. O, azyaşlılarla cinsi əlaqələrə görə və fahişəlik şəbəkəsi təşkil etməkdə dəfələrlə ittiham olunub. 2019-cu ildə ABŞ-da həbsdə olarkən intihar edib.
Epşteynin "müştəriləri” arasında Bill Klinton, Donald Tramp, Maykl Cekson, Bill Qeyts və digər tanınmış şəxslərin adları çəkilib.
Bundan əvvəl ABŞ Konqresi Epşteynin varisləri tərəfindən təqdim edilmiş 23 000 sənədin bir hissəsini ictimaiyyətə açıqlamışdı.
Onlardan, xüsusilə, Donald Trampın Epşteynin seksual əsarətində olan qızlar barədə məlumatlı olduğu üzə çıxmışdı.
Alpər
Şərhlər