Orxan Saffari
Ölkə 12:10 03.06.2022

Erməni sərçəsi

Qar yağır. Bir şaxta var, əsgərin kələyin kəsir. 15 metr qarşımda erməni postudur. İçində mənim kimi əsgərlərdir, amma təbii ki, mən özümü onlardan yüksək görürəm. Müharibə dövrünün uşaqları olmaq da bir başqa əzabdır. 

Duman gəlir, duman gedir. Dağların başına elə bürünür, elə bürünür, hələ bu 3500 metr yüksəklikdə ayaqlarımız altına xalça kimi sərilir də. 

Bir-birimizi aydın görürük, eşidirik. Amma danışmağa ehtiyat edirik. 

Post yoldaşımı içəri qızınmağa göndərmişəm. Deyəsən, onlardan da bir nəfər qızınmağa gedib. Təkik. Səngərin üstü ilə qızışmaq üçün oyan buyana gedirəm. O da elə edir. İçimdən söyüş söymək gəlir, amma ərinirəm. Dilim də donub. Qəfil, onların sektorunun başına quş qonur. 

Sərçədir. Əvvəla, bu şaxtada uçursa, halaldı. Amma niyə ora qondu? Quşa baxıram, içimdə deyirəm, axı, sən Qarabağ quşusan, niyə ora qonursan? Keç biz tərəfə. Axı, sənin üçün neytral ərazi yoxdu. 

Quşu qısqanıram. Az qala silahı çəkib vuram. Gecə görmə nişangahı ilə düz gözünü nişan alıb baxıram. Sərçəni gözündən vura bilmək bu olsun gərək. Yəni, o qədər qəzəbliyəm. Bəs deyirdilər, "qaranquş gəldi gedərdi, sən sərçədən muğayət ol". ?! 

Erməni əsgəri səngərin başında dayanıb. Ara-bir işıq vururam. Nişangahla ona da baxıram. Əsəbiləşdiyini hiss edirəm. Olsun. Onlara bu da azdı. 

Buralarda kosmopolit olmaq olmur. Heç lazım da deyil. Əslində, bir kosmopolit var, o da o sərçədi. Artıq mən ona erməni sərçəsi deməyə məcburam. 

*

Yarım saat keçib. Bir yerdə durmuram ki, qızışım, ayaqlarım donmasın. Erməni əsgəri də belə edir. İçimdə onu düşünürəm. Görəsən, o indi nə düşünür, kimi düşünür? Sevgilisi var? Telefonla danışanda deyirmi əclaf azərbaycanlılarla bir yerdəyəm? Axı, onlar da bizə düşmən kimi baxır. O da deyirmi ki, az qalıb, gələcəm, səni sevirəm? Yəqin, onun da sevgilisi, ailəsi fəxr edir ki, oğlum, sevgilim, dostum düşmənlə ən yaxın məsafədə posta çıxır. 

Bəlkə də, heç vecinə deyil. Burda olmaq istəməzdi. Günahı özündə yox, siyasətdə görür. Darıxır. Amma 44 günlük Qarabağ müharibəsindən sonra qəzəbli də ola bilər. Axı, onun beyni yuyulub. O elə bilir ki, buralar onun dədə-baba torpağıdır. 

*

Bir anlıq dayandım. Dayandığımı görüb o da dayandı. Nədənsə, üzbəüz bir-birimizə baxdıq. Mən içimdə də danışmırdım ki, görüm səs gəlirmi? Nə deyəcək? 

- Axber, axber.. 

Cavab vermirəm. 

- Ara, sən də darıxırsan?!... 

Gözüm sərçəni axtarır. Görürəm, bizim sektora qonub.

Orxan Saffari