Siyasət 13:18 16.02.2023

Ermənistan sülh müqaviləsi ilə bağlı yeni təkliflərini Bakıya təqdim etdi

Ermənistan fevralın 15-də Azərbaycan ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib.

Qaynarinfo "Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, söhbət Ermənistanın təkliflərinin əks olunduğu tam müqavilənin layihəsindən gedir:

"Biz layihə üzərində işləyərkən hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək məntiqini əsas götürürük. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Ümid edirik ki, danışıqlar prosesinin üç mərhələsi ərzində əldə olunmuş müəyyən tərəqqini daha da inkişaf etdirmək mümkün olacaq”.

Baş nazirin sözlərinə görə, əsas odur ki, imzalanma dayanıqlı sülhə gətirib çıxarsın. O, hökumətin və şəxsən özünün maksimum qısa müddət ərzində bu müqaviləni imzalamağa hazır olduğunu təsdiqləyib.

Paşinyan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə səfərinin iki ölkə arasında münasibətlərin qurulmasında dönüş nöqtəsi ola biləcəyini bildirib. Onun sözlərinə görə, İrəvan Ermənistan-Türkiyə sərhədindəki Ani körpüsünün bərpası üçün eskiz hazırlayıb.

Baş nazir qeyd edib ki, Ani körpüsünün bərpası həm də iki ölkə arasında münasibətlərin normallaşması üçün simvolik xarakter daşıya bilər.

Paşinyan onu da bildirib ki, ünvanına səslənən tənqidlərə baxmayaraq, Ermənistan hökuməti Türkiyəyə yardım göndərməyə bilməzdi, çünki belə böyük humanitar fəlakətlər zamanı xüsusilə qonşu ölkələr dəstək verməlidir.