Dünya 18:37 18.05.2022

Ermənistanda müxalifətin aksiyaları inqilaba gətirib çıxaracaqmı? (ŞƏRH)

Ermənistanda müxalifətin təşkil etdiyi etiraz aksiyaları davam edir. Müxtəlif qiymətləndirmələrə görə, onlar İrəvan üçün çoxluq təşkil etsələr də, məqsədə çatmaq üçün kifayət deyillər. Əsas məqsəd və gündəm bu gün də eyni olaraq qalmaqdadır. Paşinyanın rəqiblərinin fikrincə, Nikol təkcə bütün Qarabağın yekun təslim olmasına deyil, həm də ölkənin digər ərazilərinin itirilməsinə aparır.

Müşahidələrə görə, hakimiyyətə qarşı mübarizədə etirazçılar demək olar ki, 2018-ci ildə  Paşinyanın özünün uğurla istifadə etdiyi texnologiyalardan istifadə edirlər. Amma müxalifətdə xalqın dəstəyi və dörd il əvvəl Paşinyanın qələbəsini böyük ölçüdə təmin edən Qərb cəmiyyətinin "həmrəyliyi” yoxdur. Aksiyalarda yeni simalar, yeni liderlər və yenilənmiş mübarizə üsulları çatışmır. Hadisələr necə inkişaf edəcək, "inqilab”a gətirib çıxaracaqmı? 

Bu gün müxalifətin həyata keçirdiyi tədbirlər kütləvi olmasına baxmayaraq, təşkilatçıların məqsədlərinə çatması üçün bunun kifayət etməməsi və müxalifətin hələ ki, hakimiyyətin dinc yolla dəyişməsinə imkan verə biləcək kritik kütlə toplaya bilməyəcəyi diqqəti çəkməkdədir.
Belə ki, hadisələrin bundan sonrakı gedişi müxalifətin ölkədə böyük əksəriyyəti təşkil edən, lakin müxtəlif səbəblərdən etiraz aksiyalarında iştirakdan çəkinən, mövcud hakimiyyətdən narazı olan vətəndaşları öz tərəfinə çəkə bilib-bilməməsindən də asılı olacaq.

Müxalifətin bu kritik kütləni toplamasına nə mane olur? Təbii ki, indiki müxalifətin istifadə etdiyi texnologiyalardan tutmuş əhalinin yorğunluğuna qədər bir çox subyektiv-obyektiv səbəblərin olduğunu, son 4 ildə iki böyük hadisənin baş verdiyini də nəzərdn qaçırmamalıyıq. (2018-ci ilin məxməri inqilabı - 44 günlük müharibə). Üstəlik də nəzərə almaq lazımdır ki, indiki iqtidarın və onu dəstəkləyən qüvvələrin güclü informasiya resursları da var. Aydın məsələdir ki, onlar üçün Paşinyanın reytinqini qaldırmaq çətindir, lakin onlar müxalifəti gözdən salmağa, ictimaiyyəti inandırmağa nail ola bilirlər. Bu, cəmiyyətin etirazlara laqeyd qalması üçün edilir. Çünki indi bu, Paşinyanın hakimiyyətini saxlamaq üçün əsas rıçaqdır.

Bu gün Ermənistanın daxili siyasəti, müxalifətin əsas gündəliyi Qarabağ münaqişəsi və onun həlli ilə bağlıdır.

Nikol Paşinyanın Azərbaycanla bəzi sənədlərin razılaşdırılmasının sonuna gəldiyi ilə bağlı açıqlamalarını da nəzərə alsaq, görəcəyik ki, etirazlara təkan verən məhz budur, ona görə də həmin aksiyaların leytmotivi Qarabağ məsələsi olmaqda davam edir. Hazırda Ermənistan cəmiyyətində indiki müxalifətin dürüstlüyünə şübhələr də mövcuddur. Ermənistanın keçmiş prezidentləri Serj Sarkisyan və Robert Köçəryanın həmin etirazlarla hakimiyyətə qayıtmağa çalışdığı haqda geniş fikirlər hələ də gündəmdə qalmaqdadır. 

Gələcəkdə hakimiyyətə gəlmək üçün bu gün müxalifətin nə qədər güclü olması sadəcə olaraq ölkədə indiki vəziyyətdə zəif müxalifət və zəif hakimiyyətin olmasıdır ki, bunun fonunda onların daim qarşıdurması daxili siyasi böhran yaradır.

Bu gün Ermənistanda müxalifət zəifdir, ölkədə vəziyyət elədir ki, zəif hakimiyyət zəif müxalifətlə üzləşir, bu da siyasi böhrana gətirib çıxarır. Böhran isə həll olunmur, çünki zəif hakimiyyət müxalifətin etirazını güc yolu ilə yatıra bilmir, ona uyğun legitimlik yoxdur. Müxalifət də öz növbəsində əziləcək qədər zəif, hakimiyyəti ələ keçirəcək qədər güclü deyil. Ona görə də hazırkı vəziyyət çıxılmaz vəziyyətdədir.

Zəif hakimiyyətin zəif müxalifətlə üz-üzə qalması Ermənistan üçün normaldır, yəni 15 ildir ki, ölkədə bir tərəfdən əhalinin əksəriyyətinin Ermənistanın indiki hakimiyyətindən narazı olduğunu deyirlər, digər tərəfdən isə müxalifətdə kritik xalq kütləsini təmin edə biləcək yeni, ölkəni mövcud siyasi böhrandan çıxara biləcək parlaq liderləri görmürlər. 

Qiymətləndirmələrə görə, indiki zəif iqtidar dövründə zəif müxalifətin etirazları uzanacaq. Bu isə təbii ki, ölkənin sadə əhalisinin sosial-iqtisadi vəziyyətinə də mənfi təsir göstərəcək.

Telman