ABŞ-da Federal Təhqiqat Bürosunun (FTB) yüksək vəzifəli əməkdaşı Patrik Yarok şübhəliyə məxsus hesabdan təxminən 1 milyon dollar dəyərində kriptovalyutanı qanunsuz mənimsədiyini etiraf edib.
Qaynarinfo xəbər verir ki, agent barəsində cinayət işi açılıb. İstintaq materiallarında onun ChatGPT axtarışlarının da yer alması diqqət çəkib.
ABŞ Federal Təhqiqat Bürosunda əks-kəşfiyyat agenti kimi çalışan Patrik Yarokun, aparılan istintaq zamanı əldə edilmiş giriş məlumatlarından istifadə edərək şübhəliyə məxsus kriptovalyuta hesabından icazəsiz şəkildə təxminən 1 milyon dollar çıxarması iddiası ilə məhkəmə qarşısına çıxarıldığı bildirilib.
"The New York Times" qəzetinin məhkəmə sənədlərinə istinadən yaydığı məlumata görə, Vaşinqtonda çalışan təcrübəli agent ABŞ Ədliyyə Nazirliyinin əməkdaşına törətdiyi əməli etiraf edib. O, oğurlanmış əmlakı saxlama ittihamı ilə üzləşib.
Məhkəmə sənədlərində qeyd olunur ki, Patrik Yarok etdiyi əmələ görə vicdan əzabı çəkdiyini bildirib və bunu etiraf etmək istədiyini deyib.
Sənədlərdə agentin "içini boşaltmaq istədiyini" söylədiyi, törətdiyi əməlin uzun müddətdir onu narahat etdiyini vurğuladığı da qeyd olunub.
Yarok mənimsədiyi kriptovalyutanın şəxsi vəsaitləri ilə qarışdığını, buna görə də dəqiq məbləği bilmədiyini, lakin ümumi məbləğin 1 milyon dollardan az olduğunu düşündüyünü bildirib.
İstintaq qrupu tərəfindən aparılan araşdırma zamanı Patrik Yarokun rəqəmsal cüzdanında təxminən 1 milyon dollar dəyərində kriptovalyuta aşkar edilib.
Məhkəmə sənədlərinə əsasən, agent 2024-cü ilin sonu ilə 2025-ci ilin əvvəli arasında 10–12 ayrı köçürmə etdiyini qəbul edib. Bildirilir ki, o, FBI-ın istintaqı zamanı əldə olunmuş giriş məlumatlarından istifadə edərək şübhəliyə məxsus hesabdan kriptovalyuta köçürmələri həyata keçirib.
FTB sözçüsü iddiaların üzə çıxmasından sonra qurumun dərhal tədbir gördüyünü açıqlayıb. Onun sözlərinə görə, Patrik Yarokun vəzifəsinə xitam verilib və hadisə ilə bağlı hərtərəfli araşdırma davam etdirilir.
İstintaq sənədlərində agentin internet axtarış tarixçəsi ilə bağlı maraqlı məqamlar da yer alıb.
Sənədlərə əsasən, Yarok may ayında ChatGPT-yə 40 yaşına yaxın təqaüdə çıxaraq İtaliyanın "Çilento" bölgəsində və ya Portuqaliyanın "Dao" bölgəsində daha sakit üzümçülük və kənd təsərrüfatı həyatı qurmaq istədiyini yazıb.
Bundan əlavə, onun təxminən 1 milyon dollar məbləğində vəsaiti necə investisiya etməsi ilə bağlı da ChatGPT-dən məsləhət istədiyi istintaq materiallarında əks olunub.
Aydın
Şərhlər