Xəbər lenti

Xiroşimadakı nüvə partlayışının yerində mövcudluğu mümkünsüz sayılan metal tapıldı
Dünya 10:43 04.08.2026

Xiroşimadakı nüvə partlayışının yerində mövcudluğu mümkünsüz sayılan metal tapıldı

Alimlər Yaponiyanın Xiroşima şəhərində atom bombası partlayışından sonra yaranmış və adi şəraitdə əldə edilməsi mümkün olmayan yeni çoxkomponentli metal ərintisi aşkar ediblər. Tədqiqat müəlliflərinin fikrincə, bu kəşf nüvə partlayışlarının unikal materiallar formalaşdıra bildiyini göstərir.

Qaynarinfo xəbər verir ki, "Science Advances" jurnalında dərc olunan araşdırmaya əsasən, beynəlxalq tədqiqat qrupu Xiroşima körfəzinin qumlarında qalmış mikroskopik hissəcikləri – "xiroşimait" adlandırılan nümunələri araşdırıb.

Alimlər ümumilikdə 34 nümunəni analiz ediblər. Onlardan birində dəmir-xrom ərintilərinin çoxsaylı fraqmentləri arasında ölçüsü cəmi bir neçə mikrometr olan, əvvəllər məlum olmayan hissəcik aşkarlanıb. Rentgen struktur analizi onun indiyədək qeydə alınmamış yeni kristal quruluşa malik olduğunu təsdiqləyib.

Tədqiqatçılar bildirirlər ki, bu material atom partlayışı zamanı yaranan ekstremal şəraitdə formalaşıb. Partlayışın alov topunda temperatur 7 000 dərəcədən yuxarı qalxıb. Nəticədə tikinti materialları, metallar, torpaq və şüşə buxarlanıb, daha sonra isə qarışmış metal buxarı çox qısa müddətdə soyuyaraq kondensasiya olub. Məhz bu proses qeyri-adi kristal quruluşuna malik ərintinin yaranmasına imkan verib.

Alimlər yeni tapıntını 1945-ci ildə ABŞ-də keçirilən "Trinity" nüvə sınağından sonra aşkar edilmiş kvazikristalla müqayisə edirlər. Onların sözlərinə görə, hər iki hal göstərir ki, nüvə partlayışları zamanı yaranan ekstremal şərait ənənəvi metallurgiya üsulları ilə əldə edilməsi mümkün olmayan materialların formalaşmasına səbəb ola bilər.

Elmi məqalədə qeyd olunur: "Bu kəşf göstərir ki, nüvə plazması ilə əlaqəli hadisələr mürəkkəb metal fazalarını sabitləşdirə bilir və atom partlayışının qalıqları qeyri-tarazlıq şəraitində ərintilərin yaranması və yeni materialların aşkar edilməsi üçün təbii laboratoriya rolunu oynayır".

Tədqiqat müəllifləri hesab edirlər ki, bu kəşfin yalnız tarixi deyil, həm də praktik əhəmiyyəti var. Belə materialların öyrənilməsi gələcəkdə yüksək möhkəmliyə malik yeni ərintilərin hazırlanmasına, həmçinin nüvə kriminalistikası sahəsində partlayışların xüsusiyyətlərini qalıqlar əsasında müəyyən etməyə imkan verən metodların inkişafına töhfə verə bilər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->