İdman 13:30 28.09.2022

Futbolumuzun balacaboy məşhurlarından De Byazinin arqumentinə cavab

Millətlər Liqasında Slovakiya və Qazaxıstanla oyun üçün De Byazinin açıqladığı heyət müzakirələrə yol açdı. Bunun səbəbi isə "Qarabağ”ın əsas futbolçularından olan, uzun müddətdir millinin formasını geyinən Qara Qarayevin siyahıya salınmaması idi. Futbol ictimaiyyəti, mütəxəssislər italiyalı məşqçinin bu addımını kəskin şəkildə qınadı, dayaq yarımmüdafiəçisinin milliyə çağırılmamasını düzgün addım hesab etmədi. De Byazi isə mətbuat konfranslarında bunun səbəbini "Keçmişə baxsaq, adlarını çəkdiyiniz oyunçularla da çox uduzmuşuq. Millinin qapısı hamının üzünə açıqdır. Yığmadasansa, özünü yaxşı aparmalısan” sözləri ilə izah etmişdi. Bir neçə gün öncə isə 30 yaşlı yarımmüdafiəçi İctimai Televiziyada yayımlanan "Bol idman" verilişində problemin əsl səbəbini açıqlayıb. Təcrübəli dayaq yarımmüdafiəçisi baş məşqçinin ona boyunun balaca olduğunu (İnternet qaynaqlarında Qaranın boyu 1,75 m. göstərilir - red.), həmin mövqedə ucaboy futbolçu oynatmaq istədiyini bildirib. Əlbəttə, millinin baş məşqçisinin açıqlaması gülməli görünür. Hər halda dünya futbolunda əfsanəyə çevrilmiş Qarrinça, Maradona kimi bir çox balacaboy futbolçular var ki, daim xatırlanırlar və bundan sonra da xatırlanacaqlar. Uzağa getməyək, Azərbaycanda da bir çox məşhur futbolçular olub ki, boyları kifayət qədər hündür sayılmasa da, futbolumuzda sözünü deyiblər. Məhz həmin balacaboy veteran futbolçulardan bir neçəsinin fikirlərini öyrəndik.

Qaynarinfo-ya açıqlamasında onların De Byaziyə cavabı belə oldu:

Emin İmaməliyev
 


"Messi hündür futbolçudur ki? Elə oyunçular var, balacaboy olsa da, milliyə dəvət alır. Məsələn, İtaliyada İnsinye var. Buna yaxşı baxmıram. Balacaboy olmağın milliyə nə dəxli var? Son qərarı həmişə baş məşqçilər. Mənim fikrimcə, futbolçunu milliyə boyuna deyil, oyununa görə dəvət edirlər. Bu açıqlama mənə qəribə gəldi. Düzdür, boy müdafiəçilərə lazımdır. Bəli, elə futbolçular var ki, balacaboydur, amma meydançada gördüyü iş hündürboylulardan daha effektlidir. Futbolçunu milliyə oyununa görə dəvət etmək lazımdır. Onun oynaması önəmlidir. Standartlar baxımından hündürboyluluq yaxşıdır, amma futbolçuların hamısı eyni olmur. İstənilən millidə, klubda ucaboy və kiçik boylu futbolçular var. Əlbəttə, hər məşqçinin sistemi olur və buna uyğun futbolçular seçir. Buna heç nə demirəm. Amma şəxsən mənə görə, futbolçunu oyununa görə seçmək lazımdır. Qarayev "Qarabağ”da yaxşı, effektli oynayır. Komandaya faydası dəyir”.

Vidadi Rzayev
 


"Bu, səbəb deyil. Münasibətim çox pisdir. Qara Avropada o cür komandalara qarşı "Qarabağ”ın heyətində oynayır. Boyun balaca olması səbəb deyil. Başqa nəsə varsa, bunu da özləri bilər. Yəqin ki, ictimaiyyətə də deməzlər. Amma boy məsələsi boş şeydir. Bir məsəl var - "Almaz da balacadır, amma qiymətindən danış”. Boy elə də rol oynamır. Bu, bəhanədir, düzgün fikir deyil. Qaranın heyətində oynadığı "Qarabağ” "Nant”ı, "Ferentsvaroş”u məğlub edib. Necə olur, belə komandalara qarşı oynayır, amma milliyə çatanda boyu əsas gətirilir? De Byazi baş məşqçi kimi düz danışmır”.

Ramal Hüseynov
 


"De Byazi elə söhbət edir ki (gülür)… Qara Qarayev "Qarabağ”ın bir nömrəli futbolçusudur. Bu faktdır, heç kim dana bilməz. O göstərdiyi performansa, mübarizəyə, oyununa görə milliyə ən birinci çağırılmalı olan futbolçudur. Qara Qarayev bu gün Azərbaycanda dayaq yarımmüdafiəçisi kimi bir nömrədir. Mən də onun mövqeyində oynamışam, deyə bilirəm, nə nədir. Boya gəlincə, mən o vaxt İsveç klubu "Hammarbü”yə transfer olmuşdum. Bilirsiniz ki, İsveç çempionatında iştirak edənlər hamısı ucaboy futbolçulardır. Orada olan jurnalistlərdən biri məşqçiyə mənim boyunmla bağlı sual vermişdi. Məşqçi isə ayağa durub özünü göstərərk "Bəs mənim boyum nə qədərdir? Mən İsveç çempionatında necə oynamışam? Ancaq Ramal bizim milliyə qarşı çıxış edib” cavabını vermişdi. Həmin məşqçinin də boyu balaca idi. De Byazi özünü təmizə çıxarmaq istəyir. Çünki qazandığı qələbələr heç kimə lazım deyil. Əslində, reytinqimiz üçün yaxşıdır. Amma Qazaxıstan, demək olar, oynamırdı, Bakıya elə-belə gəlmişdilər. Oyunu zədəsiz keçirmək istəyirdilər. Bu faktdır. Qaranı boyu səbəb deyil. Boy rol oynasaydı, onda Messi, Maradona, Qattuzo kimi futbolçular kənarda qalardı. Azərbaycanda Qara Qarayev kimi güclü ikinci dayaq yarımmüdafiəçisi yoxdur. Azərbaycan futbolunun dayağı odur, demək olar. Məncə, çox səhv bir qərardır. Bu sözləri yolda, çayxanada kiməsə deyə bilər. Amma bizə sübut edə bilməz. Çünki futbolu bilirik. Qara Azərbaycan üçün çox şey deməkdir. Özünü sübut etmiş futbolçudur. Görün kimlərə qarşı oynayıb və oynamaqda davam edir. De Byazinin dedikləri lağ-lağıdır”.

Səməd Qurbanov
 
 

"Deyə bilmərəm onların arasında nə baş verib. Şəxsi işləridir. Qaranın elə deyib-demədiyini də bilmirəm. Çünki mən yığmanın içində deyiləm. Ancaq uşaqların oynamalarını, sona qədər mübarizə aparmalarını bəyəndim. Əlbəttə, boy məsələsi yığmaya çağırılmamaq üçün səbəb ola bilməz. "Barselona”nın futbolçularının əksəriyyəti 1.65-1.68 m. boyları vardı, amma çıxıb oynayırdılar. Bəlkə De Byazi ilə Qaranın arasında başqa problemlər olub? Boya görədirsə, niyə Qara buvaxta qədər millidə oynayıb? Hər halda baş məşqçinin öz işidir, buna qarışa bilmərəm. Qara ağıllı futbolçudur, neçə illərdir millinin heyətində oynayır. Boy problem ola bilməz”.

Səbuhi Həsənov