ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskidən soruşub ki, niyə Ukrayna Moskvaya zərbələr endirmir? O, Rusiyanın hücumlarına qarşı assimmetrik cavab tədbirləri ehtimalını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "24 Kanal” efirində Ukrayna Xarici Kəşfiyyat Xidmətinin sabiq rəhbəri, ordu generalı Nikolay Malomuj
danışıb.
"Bu, sadəcə ritorik sualdır. Zərbə endirmək üçün sistemli vasitələrə malik olmaq lazımdır. Orada isə çox güclü müdafiə xətləri mövcuddur. Hələ Sovetlərdən qalma razılaşmalarda da Moskva və Sankt-Peterburq ətrafında bir neçə güclü müdafiə və hava hücumundan müdafiə xətləri nəzərdə tutulub. Odur ki, bu cür sistemləri dəf etmək üçün sistemli raketlər, dronlar və çox böyük sayda texnika lazımdır”, – deyə Malomuj bildirib.
Eyni zamanda general Rusiyanın paytaxtına nümayişkaranə zərbələrin mənasını şübhə altına alıb:
"Hazırda ilk növbədə Rusiyanın müdafiə sənayesini formalaşdıran obyektlərə zərbələr endirilməlidir. Raket və dron buraxılış sahələri, taktiki və strateji aerodromlar, dron buraxılış qurğuları, komplektasiya müəssisələri, texnika və sursatların logistika yolları – bax, əsas hədəflər bunlardır. Moskvaya isə sonrakı mərhələdə, artıq siyasi bir addım olaraq zərbə endirilə bilər. Çünki Moskvanı vurmağın hərbi baxımdan sadəcə heç bir mənası yoxdur”, – deyə o vurğulayıb.
Bundan öncə "The Washington Post” yazarı Deyvid İqnatyus bildirmişdi ki, Tramp Moskvaya təzyiqi artırmaqda qərarlılığını nümayiş etdirib. Onun sözlərinə görə, ABŞ prezidenti Zelenskidən niyə Ukrayna Rusiyanın paytaxtına zərbə endirmir deyə soruşub və Sankt-Peterburqa da təzyiqin artırılmasının vacibliyini qeyd edib.
Eyni zamanda, Trampın Moskvaya qarşı təzyiqlərin artırılması və Ukraynaya dəstək bəyanatları fonunda ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Vaşinqton üçün sülh danışıqları prioritet olaraq qalır.
Alpər
Şərhlər