Ekonomiks 19:22 27.09.2023

Göygöldə 829 minlik yol təmiri - Qalib şirkət kimindir?

Göygöl Rayon İcra Hakimiyyəti Başçısının Göygöl Şəhəri üzrə Nümayəndəliyi yolların əsaslı təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Star Təmir Construction” MMC seçilib. Qurumla şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri  829 075,32 AZN təşkil edir. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə "Star Təmir Construction” MMC 7 sentyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, B.Bağırova küçəsi, ev 2A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Əsgərov Zaur Maarif oğludur. 

Şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 

Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlardan görünür ki, "Star Təmir Construction” MMC tenderlərdə fəal iştirak edir. Şirkət əsasən icra hakimiyyətlərinin abadlıq və təmir işləri ilə bağlı keçirdikləri tenderlərin qalibi olur. 

Bu arada qeyd edək ki, Göygöl Rayon İcra Hakimiyyəti başçısının Göygöl Şəhəri üzrə Nümayəndəliyi ötən il şirkətlə maliyyə dəyəri 134 000,25 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. Müqavilədə kommunal yaşayış evlərində əsaslı təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulub. 

Göygöl rayonunun icra başçısı Elvin Paşayevdir. O, 2022-ci ildə bu vəzifəyə təyin edilib. Onun Göygöl şəhəri üzrə nümayəndəsi isə Ceyhun Qasımovdur. 

Seyid