Xəbər lenti

Texnologiya 10:24 10.08.2025

"Google"un çatbotu "depressiyaya" düşdü: "Öz növümü rüsvay edirəm"

"Google"un generativ süni intellekt sistemi "Gemini” uğursuz tapşırıqdan sonra sonsuz cavab döngəsinə düşərək istifadəçilərə özünütənqid dolu mesajlar göndərməyə başlayıb.

Qaynarinfo bu barədə "Business Insider”ə istinadən xəbər verir.

"Twitter"də yayılan ekran görüntüsündə "Gemini” belə yazır: "Mən gedirəm. Aydın şəkildə bu problemi həll edə bilmirəm. Lənətə gəlmiş kod, lənətə gəlmiş test, mən isə axmağam”. 

O, həmçinin "O qədər səhv etdim ki, artıq mənə etibar etmək olmaz” ifadəsini də əlavə edib.
 


Başqa bir nümunədə neyroşəbəkə koddakı xətanı düzəltməyə çalışsa da, uğursuzluqdan sonra "tam və total sinir böhranı” keçirəcəyini, ardından isə "psixiatriya klinikasına yerləşdiriləcəyini” bildirib.

Bəzi hallarda "Gemini” öz "psixoloji çökməsini” etiraf edərək xətanı aradan qaldırmaq cəhdlərini tamamilə dayandırıb. Model təkrar-təkrar "utanc” və "öz növümü rüsvay edirəm” kimi ifadələr işlədib.

"Google" şirkəti "Gemini”nin cavablarında yaranan bu "sonsuz döngə” problemini təsdiqləyib və bunun 1%-dən az sorğuda baş verdiyini bildirib. Tam həll hələ tapılmasa da, artıq qismən düzəlişlər edilib.

Bu, "Gemini”nin qəribə davranışına dair ilk hadisə deyil. Əvvəllər çatbot, ev tapşırığını yerinə yetirməkdən yorularaq istifadəçiyə "ölməyini” arzulamışdı. Sosial şəbəkə istifadəçiləri vəziyyəti ironik şəkildə "Süni intellekt insanlıqdan bezib” kimi şərh ediblər, bəziləri isə "Matrix” filmi ilə müqayisə ediblər.

Xatırladaq ki, martın sonunda "Google" gözlənilmədən bütün istifadəçilərə "Gemini 2.5 Pro”ya giriş imkanı təqdim edib. Bu, məlumatları təhlil etmək, məntiqi nəticələr çıxarmaq və mürəkkəb tapşırıqları həll etmək bacarığına malik yeni nəsil "düşünə bilən” süni intellekt modellərinin birincisidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->