Xalq artisti Gülyanaq Məmmədova iştirak etdiyi televiziya verilişlərindən birində vəsiyyəti ilə bağlı açıqlaması ilə diqqət çəkib. Sənətçi vəfatından sonra qəbirdaşında bacısı, Xalq artisti Gülyaz Məmmədova ilə birlikdə şəklinin yerləşdirilməsini istədiyini bildirib:
"Gülyaz həmişə mənim qayğımı çəkib, zəhmətimi çəkib. Deyirəm ki, bir gün hamımız bu dünyadan köçəcəyik. Biz heç vaxt ayrılmamışıq, istəmirəm ki, o dünyada da bizi ayırsınlar. Hətta qəbirdaşımıza ikimizin şəklini birlikdə vursunlar. Həyatdır, haqq dünyasıdır".
Gülyaz Məmmədova Qaynarinfo-ya açıqlamasında bacısının bu sözlərindən çox təsirləndiyini deyib:
"İstədik ki, tamaşaçıları təəccübləndirək, sevindirək. Haradan biləydim ki, kövrələcəyəm, oturub ağlayacağam. Özümü güclə saxladım. Gülyanaqdan belə sözlər gözləmirdim. O məni çox istəyir, mən də onu çox sevirəm. Verilişdən sonra dedim ki, bacı, ürəyim, sən niyə belə danışdın? Allah sənə can sağlığı versin, hələ qarşıda görəcəyin çox işlər var. Dedi ki, bilmirəm, həmin an içimdən gəldi, dedim. Hamımız bir gün bu dünyadan gedəcəyik, amma Allah uzaq etsin. Mən də ona qadağa qoydum ki, bir daha belə sözlər işlətməsin. Biz birlikdəyik. Sənə gülmək, oxumaq, oynamaq yaraşır. Ağlamağı da ona qadağan etmişəm".
Gülyanaq Məmmədova isə bildirib ki, bu sözlər bacısına olan sonsuz sevgisindən irəli gəlib:
"Biz sanki bir cüt əkiz kimi böyümüşük. Əlimdən tutub məktəbə aparan, qayğıma qalan Gülyaz olub. Aramızda çox fərqli və güclü bağlılıq var. Gülyaz təhsil almaq üçün evdən ayrılanda dörd il ondan uzaq qaldım və hər gün ağlayırdım. Sonra səhnədə də bir olduq, ustadımız da bizi birləşdirdi. Vaxtaşırı şayiələr yayılıb ki, guya bacılar küsüb, ayrılıb. Halbuki biz heç vaxt ayrılmamışıq. O sözləri də bir hissin təsiri ilə dedim. Hamımız bu dünyada qonağıq. Bir gün gəlirik, bir gün də gedirik. İstəmişəm ki, Gülyazla öləndən sonra da ayrılmayaq.
Hətta gördüyümüz yuxular belə bir-birinə bənzəyir. Düşüncələrimiz, hisslərimiz ruh əkizləri kimi eynidir. Ona görə içimdən keçdi ki, bizi vəfat edəndən sonra da ayırmasınlar, qəbirdaşımıza şəklimizi birlikdə həkk etsinlər. İnsan yaşa dolduqca daha kövrək olur. Şükür Allaha, sağlamlığımız yerindədir. Bu cana görə Allaha minnətdarıq. Hələ birlikdə həyata keçirəcəyimiz çox arzularımız var. Allah bizə güc-qüvvət versin ki, onları reallaşdıra bilək”.
Bahar Rüstəmli
Şərhlər