Siyasət 16:37 01.04.2022

Gürcüstanı qəfildən Rusiyaya qarşı sanksiyalara qoşulmağa nə vadar edib?

Uzun müddət Rusiyaya qarşı sanksiyalara qoşulmayan Gürcüstan nəhayət bu barədə əvvəlki qərarını dəyişdi. Belə ki, CNN telekanalına müsahibəsində Gürcüstan Prezidenti Salome Zurabişvili bildirib ki, Tiflis də Ukraynaya qarşı təcavüzə görə Rusiyaya münasibətdə tətbiq edilən beynəlxalq sanksiyalara qoşulur. 

Buna qədər Tiflis tərəddüd içində olaraq, sözügedən sanksiyalardan özünü uzaq tuturdu. Lakin görünür, son günlər baş verən hadisələr Gürcüstanı da bu istiqamətdə Qərblə bir yerdə olmağa sövq edib. Belə ki, Tiflisin bu açıqlamasından iki gün əvvəl separatçı Cənubi Osetiya Rusiyaya birləşmək istəyini gündəmə gətirərək, bununla bağlı referendum keçirəcəklərini bəyan edib. Aydın məsələdir ki, həmin bəyanatın arxasında Kreml dayanır. Moskva Ukraynada üzləşdiyi uğursuzluq və çətinliklər fonunda hazırda "müstəqil” dövlət kimi tanıdığı separatçı rejimlərin öz nəzarətindən çıxa biləcəyindən ehtiyat edir. Ona görə də onları özünə daha da yaxınlaşdırmaq üçün separatçıların Rusiyaya birləşmək ideyasını ortaya atıb. Bununla ola bilsin, Moskva həmçinin, Tiflisin separatçı rejimə qarşı addımlar atmasına nail olmaq və belədə Gürcüstanı da cəzalandırmaq niyyətindədir. Bu mənada, Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulması Tiflisin Moskvanın etdiyi həmin hərəkətə cavabıdır. Amma bu cavab sonda Gürcüstanın özünə qarş da yönələ bilər. 

Bununla belə, Ukraynada uğur qazana bilməyən Rusiyanın indiki durumda Gürcüstanı növbəti hədəf kimi seçərək, onu da cəzalandırmağa çalışması elə də ağlabatan deyil. 

Tiflis çox güman Rusiyanın Ukraynada düşdüyü durumu anladığından sanksiyalar gündəmə gələn ilk günlərdən deyil, məhz indi həmin prosesə qoşulur. Digər tərəfdən, Gürcüstanın belə bir addımında böyük ehtimalla Qərbin müəyyən təzyiqləri də rol oynayıb. 

Rüfət Sultan