Xəbər lenti

Ölkə 17:36 07.01.2024

Hacı Fuad: "10 min manatı olmayan Həccə gedə bilməz"

"Kərbəla, Məşhəd və Ümrə ziyarətlərinə borc alıb, yaxud da hissə-hissə ödəmək şərti ilə getmək olar. Dini baxımdan buna məhdudiyyət və qadağa yoxdur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib. Onun sözlərinə görə, istənilən insan bu addımı ataraq ziyarətə gedə bilər:

"Azərbaycanın müəyyən bölgələrində ziyarətgahlar var. Bu gün şirkətlər hissə-hissə ödəmək şərti ilə tur təşkil edərək vətəndaşları həmin ziyarətlərə aparırlar. Buna dində icazələr var, heç bir qadağa yoxdur. Kərbala, Məşhəd, Ümrə vacib ziyarət deyil, kimdənsə borc alıb getmək olar. Qayıdandan sonra borcunu qaytara bilər. İnsan kiçik Həccə 10 dəfə də gedə bilər, onunla hacı olmur". 
 


Hacı Fuad qeyd edib ki, fərdi borcu olan insanlar böyük Həcc ziyarətinə gedə bilməz:

"Şəxs kimdənsə müəyyən məbləğ borc alıbsa, yalnız onu ödəyəndən sonra böyük Həcc ziyarətinə gedə bilər. Həcc boynuna gələn insanın bir kəsə borcu olmamalıdır. Ola bilər insan kirayədə qalır, amma onun ailəsini dolandırmaq imkanı var, bu adamlara da qadağa yoxdur. Böyük Həcc vacib ziyarət olduğu üçün insanın boynuna gəlməlidir. İnsan ailəsini problemə salmamalıdır, kiməsə borcu olmamalıdır, çətinliyə düşməməlidir, yalnız ondan sonra böyük Həccə getmək şansı qazanır". 

Hacı Fuad deyib ki, Həcc ziyarəti 10 min manata yaxın vəsait tələb edir:

"Ziyarətə gedənin bundan çox pulu olmalıdır. Ziyarətdən qayıdandan sonra evinin problemi olmasıın, ailəsi çətinliyə düşməsin. Həcc kiçik  qiyamətdir, hamı ağ kəfəndə bir məktəb keçir. Həccə gedib-gələnlər bu adı uca tutmalıdır, insanlara yardımlar etməlidir".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->