Dünya 14:14 01.10.2022

“Halqa” qapandı: Liman ərazisində 5 min rusiyalı mühasirəyə düşdü (RƏSMİ)

Ukrayna Silahlı Qüvvələri Liman şəhəri ərazisində Rusiya qruplaşmasını mühasirəyə alıblar. Şəhərə yaxın 5 yaşayış məntəqəsi azad edilib, orada sabitləşmə tədbirləri davam etdirilir.

Qaynarinfo xəbər verir ki, bu barədə "RBC-Ukrayna" telemarafonun efirində Şərq Qüvvələr Qrupunun sözçüsü Sergey Çerevatıya istinadən məlumat yayıb.

"Liman ərazisində Rusiya qruplaşması mühasirəyə alınıb. Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo, Stavki yaşayış məntəqələri azad edilib, orada stabilləşdirmə tədbirləri davam etdirilir", deyə Çerevatı bildirib.

Ondan Liman bölgəsində nə qədər rusiyalının mühasirəyə alındığını soruşduqda o, "hardasa 5-5,5 min nəfər” cavabını verib.

"Bizim məlumatlar göstərirdi ki, oradakı (Liman bölgəsində - red.) Rusiya qruplaşması həqiqətən də 5-5,5 min nəfərdən ibarətdir. Lakin aktiv döyüşlər onların döyüş gücünü, eləcə də yarıb keçməyə cəhd edən bəzi qrupları "azaldıb”. İndiyə qədər rusların dəqiq sayının müəyyən edilməsi təhlil tələb edir”, deyə Çerevatı izah edir.

Onun sözlərinə görə, rusların mühasirəni yarmaq cəhdləri hələ də qeydə alınır, lakin Ukrayna müdafiəçiləri bu səylərin qarşısını alır. 
Liman şəhərinin əhəmiyyəti Şərq Qüvvələr Qrupunun sözçüsü izah edir ki, Liman ona görə vacibdir ki, bu, Ukrayna Donbasının azad edilməsi istiqamətində növbəti addım və Kremennaya və Severodonets istiqamətinə irəliləmək imkanıdır.

"Bu, həm də psixoloji baxımdan mühüm məqamdır. Çünki Ukrayna Silahlı Qüvvələri öz iradələrini diktə etməyə başlayır və nəinki geri çəkilib müdafiə olunur, həm də hərbi əməliyyatların gedişatını dəyişdirir", deyə Çerevatı qeyd edib.

Qeyd edək ki, daha əvvəl Luqansk mülki-hərbi administrasiyasının rəhbəri Sergey Qayday da Liman bölgəsində 5 mindən çox rusiyalının mühasirəyə alınması barədə məlumat vermişdi.

Nizami Bağırov