Xəbər lenti

Günay İlqarqızı
Ölkə 12:32 01.04.2024

Heç kəsə demə...

Bakıya duman gəlib,
Deyəsən, yaman gəlib,
heç kəsə demə...
Bu dumana qapımdan,
çıxan kimi azmışam,
yenə şeir yazmışam,
heç kəsə demə...

Həyatımın son 10 gününü sözləri Vaqif Səmədoğluya məxsus, Mehriban Zəkinin isə səsləndirdiyi bu şeirə qulaq asmaqla keçirirəm. Qulaq asmayanda belə, dilimdə, beynimdə bu iki söz fırlanır: "heç kəsə demə”...

Ruhuma o qədər hopub ki, istəyirəm, bir qaranlıq gecədə Bakının ən hündür nöqtəsinə çıxaraq qışqırım, deyim ki, "heç kəsə” demə...
 
Deyim ki: 

"Daş evlər arasında neyləyər duman mənə, 

Gülüm, diriyəm yenə, heç kəsə demə”...

O qədər bağırım ki, yatmış Bakının iliyinə qədər hopub, əks-səda versin: "heç kəsə demə”...

Ya da ölmüş bir cismin ruhu gecənin bu çağında bir doğma pəncərədən içəri sivişib pıçıldaya: "Gülüm, diriyəm yenə, heç kəsə demə...”

Sonra anlayım ki, hər gün nə qədər insana "heç kəsə demə” deyib, öz sözümüzü, başqasının sirrini veririk...

Hər gün Bakının küçələrində "heç kəsə demə”, deyə-deyə dolaşırıq, dolanırıq. 

Görəsən nə qədər insanın "heç kəsə demə” dediyi sirri saxlayırıq qəlbimizdə? 

Nə qədər insanın "heç kəsə demə” dediyi sirlərlə gömüləcəyik torpağa?

Bakının hansı dumalı günündə, yanıb-sönən çırağın hisində sirr verib, sirr alacağıq "heç kəsə demə” deyərək.

Sonra fikirləşirəm, deyirəm, mən də o qədər "heç kəsə demə” demişəm ki.

"Heç kəsə demə” dediyimiz hansı sirlər hamıya deyilib?

Bunu niyə edib, hansı sirrimizə sevinib, hansına üzülüb? 

Ən acısı isə azdığımız hansı dumanda əlimizdən tutub "heç kəsə demə” deyən neçə dost əli qalıb?

Ya da sən demədən belə, baxdığın baxışda, süzülən iki damla yaşda bu sözü anlayan neçə nəfər olub?

Neçə heç kəslər sirr ortağımız olub?

Neçə nəfər heç kəsə heç nə deməyib, bu ifadənin sehrinə düşüb?

İki kəlmənin sehri "heç kəsə demə”...

Və mənim kimi şeirin sehrinə düşmək istəyənlərə...

Bakıya duman gəlib,
Deyəsən, yaman gəlib,
Heç kəsə demə...
Bu dumana qapımdan,
Çıxan kimi azmışam
yenə şeir yazmışam,
heç kəsə demə...
Daş evlər arasında
Neyləyər duman mənə?
Gülüm, diriyəm yenə,
Heç kəsə demə...

Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?