"Son dövrlərdə Yaxın Şərqdə müşahidə olunan geosiyasi gərginliklər bəzi zəvvar namizədlərinin qərarına təsir edə bilər. Xüsusilə regionda baş verən hadisələr, təhlükəsizliklə bağlı narahatlıqlar və mediada yayılan xəbərlər insanların psixoloji tərəddüdünü artırır".
Bunu Qaynarinfo-ya açıqlamasında araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Həcc ziyarətinə müraciət edənlərin sayının azlığı ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, Həcc ziyarəti Səudiyyə Ərəbistanı tərəfindən ciddi təhlükəsizlik tədbirləri ilə təşkil olunur və hər il milyonlarla zəvvar bu ibadəti problemsiz şəkildə yerinə yetirir:
"Bu səbəbdən sırf təhlükəsizlik faktorunun kütləvi imtinalara səbəb olduğu qənaəti tam əsaslı görünmür. Məsələnin daha real tərəfi isə iqtisadi amillərlə bağlıdır. Həcc ziyarəti kifayət qədər yüksək maliyyət tələb edir və bu, bir çox ailə üçün ciddi maliyyə yükü deməkdir”.
Rəsul Mirhəşimli bildirib ki, son illərdə artan yaşayış xərcləri, inflyasiya və ümumi iqtisadi vəziyyət vətəndaşların prioritetlərini dəyişib:
"Nəticədə dini baxımdan vacib sayılsa da, Həcc ziyarəti bəzi insanlar üçün təxirə salınan planlara çevrilir. Burada diqqətçəkən mühüm məqam da var. Elan olunan son tarixə qədər kvota dolmasa belə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sənəd qəbulunu yekunlaşdırmağa məcburdur. Çünki proses yalnız yerli qurumdan asılı deyil. Həcc ziyarətinin təşkili Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi tərəfindən müəyyən edilən qrafikə uyğun aparılır”.
Rəsul Mirhəşimli əlavə edib ki, Azərbaycanda Həcc ziyarətinə qəbul müddətinin uzadılması fonunda qiymət endirimi məsələsi gündəmə gəlsə də, bu addımın tətbiqi həm iqtisadi, həm də dini baxımdan mürəkkəb görünür:
"Qafqaz Müsəlmanları İdarəsi Həcc kvotasını əvvəlcədən Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ilə razılaşdırır və xidmətlər üzrə ödəniş öhdəlikləri götürür. Bu səbəbdən son anda qiymətin aşağı salınması ya mümkün olmur, ya da qurum üçün əlavə maliyyə zərəri yaradır. Halbuki kvota dolmazsa belə, QMİ boş qalan yerlərin ödənişini etməyə məcbur qalır və bu baxımdan endirim nəzəri olaraq çıxış yolu kimi görünə bilər. Lakin belə bir addım başqa ciddi problem yaradır. Əvvəlcədən müraciət edib yüksək məbləğ ödəyən zəvvarlarla sonradan daha ucuz qiymətə qeydiyyatdan keçənlər arasında fərq yaranır. Bu isə həm sosial narazılığa, həm də etimadın zəifləməsinə səbəb ola bilər. Eyni xidmət üçün fərqli qiymətlərin tətbiqi dini baxımdan da birmənalı qarşılanmır, çünki Həcc ibadətində bərabərlik və ədalət prinsipləri əsas götürülür”.
Rəsul Mirhəşimli vurğulayıb ki, qiymət endirimi qısa müddətdə yerlərin dolmasına yardım edə bilsə də, bu, həm mövcud müqavilə şərtləri, həm də ədalət prinsipləri baxımından riskli addım hesab olunur:
"Buna görə də QMİ üçün əsas məsələ yalnız kvotanı doldurmaq deyil, prosesi hamı üçün eyni və şəffaf şərtlərlə təşkil etməkdir. Bu səbəbdən QMİ vətəndaşlara müraciət edərək qeydiyyatı gecikdirməməyi tövsiyə edir. Bu çağırışda məqsəd həm zəvvarların imkanlarını təmin etmək, həm də mümkün maliyyə zərərinin qarşısını almaqdır”.
Araşdırmaçı jurnalist hesab edir ki, qəbul müddətinin uzadılması təkcə marağın az olması ilə bağlı deyil:
"Burada həm psixoloji tərəddüdlər, həm də iqtisadi reallıqlar rol oynayır. Ancaq mövcud faktlar göstərir ki, əsas təsiredici faktor məhz maliyyə məsələsidir. Çünki kvotanın böyük hissəsinin artıq dolması Həccə marağın davam etdiyini göstərir. Sadəcə, qalan yerlərin doldurulması üçün daha geniş maliyyə imkanları tələb olunur”.
Qeyd edək ki, Həcc ziyarətinə sənəd qəbulu aprelin ilk həftəsonunadək uzadılıb. Bu günə kimi kvotanın 92 faizi artıq dolub.
Bahar Rüstəmli
Şərhlər