Xorvatiyada yerləşən Briuni adası bir zamanlar Yuqoslaviya lideri İosip Broz Titonun qapalı iqamətgahı olub, indi isə turistlər üçün açıqdır və Avropanın ən qeyri-adi kurort tarixlərindən birini təqdim edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Mirror” yazır.
Pula şəhəri yaxınlığında yerləşən ada Brijuni National Parkın tərkibinə daxildir. Burada turistlər həqiqi dinozavr izlərini, kraliça II Elizabetin adada istifadə etdiyi avtomobili və dünya liderlərinin hədiyyə etdiyi ekzotik heyvanları görə bilərlər.
Uzun illər ərzində ada Titonun göstərişi ilə ictimaiyyət üçün bağlı olub və onun şəxsi sığınacağı kimi istifadə edilib. Burada müxtəlif ölkələrdən olan siyasi müttəfiqlərin hədiyyə etdiyi nadir heyvan kolleksiyası toplanıb.
Onilliklər davam edən təcriddən sonra Briuni indi turizm istiqamətinə çevrilib və adaya çatmaq daha asan olub. Mətbuatın yazdığına görə, may ayından etibarən Londondan Pulaya birbaşa reyslər açılır və biletlərin qiyməti təxminən 35–40 funt sterlinqdən başlayır.
Danışan tutuquşu
Yerli bələdçi və villa icarəsi xidməti olan "Villsee”nin qurucusu Toni Xrelya bildirib ki, Briuni tipik Aralıq dənizi cənnətinə bənzəsə də, onun tarixi olduqca qeyri-adidir.
Onun sözlərinə görə, ada Titonun şəxsi iqamətgahı olduğu üçün burada digər dövlət liderlərinin hədiyyə etdiyi ekzotik heyvanlar məskunlaşıb. Həmin heyvanların bir hissəsi və ya onların nəsilləri bu gün də adada sərbəst gəzir.
Xrelya bunu "Xorvatiyada görəcəyini heç gözləmədiyin heyrətamiz və maraqlı tarix parçası” adlandırıb.
O qeyd edib ki, yaz aylarında Briuni xüsusilə cəlbedicidir: ətraf yaşıllaşır, hava rahat olur və yay turist izdihamı hələ başlamır.
Milli park 14 adadan ibarətdir və əsas görməli yerlər onların ən böyüyü olan Veliki Briuni adasında yerləşir. Adanın sahəsi təxminən 5,6 kvadrat kilometrdir və onu bir gün ərzində gəzmək mümkündür.
Burada 30-dan çox heyvan yaşayır. Onların arasında ən çox diqqət çəkən 54 yaşlı dişi fil Lanka hesab olunur. O, 1972-ci ildə Hindistanın keçmiş baş naziri İndira Qandinin hədiyyəsi kimi adaya gətirilib. Heyvan sakit xarakteri və turistlərə dost münasibəti ilə tanınır.
1960-cı illərdə Afrika liderlərindən birinin hədiyyə etdiyi zebralar da Titonun "Qoşulmama Hərəkatı” dövrünü xatırladır.
Adada Titonun ən məşhur sevimlilərindən biri olan Koki adlı Afrika boz tutuquşusu da yaşayır. O, turistlərlə "ünsiyyəti” və gözlənilməz davranışları ilə məşhurdur. Tutuquşu bəzən qonaqları salamlayır, bəzən isə qəfil təhqiramiz ifadələr səsləndirir. O, tez-tez yüksək səslə "Tito! Tito! Tito!” sözlərini də təkrarlayır.
Bundan əlavə, yerli safari zonasında dəvəquşuları, lamalar, Somali qoyunları və hind zebuları da görmək mümkündür.
"Briuni”dəki heyvanlar Titonun dövrünün canlı və bəzi hallarda "danışan” mirası olaraq qalır.
Vintage kabriolet və dinozavr izləri
Adada həmin dövrün başqa bir simvolu da qorunub saxlanılır. Turistlər 1953-cü il istehsalı olan "Cadillac Eldorado” kabrioleti ilə gəzintiyə çıxa bilərlər. Bu avtomobil vaxtilə Kanadadakı xorvat mühacirləri tərəfindən Titoya hədiyyə edilib.
Avtomobil bu günə qədər əla vəziyyətdə saxlanılır və parkın ən populyar eksponatlarından biri hesab olunur.
Bələdçi Toni Xrelyanın sözlərinə görə, Tito bu "Cadillac”la adada yüksək vəzifəli qonaqları, o cümlədən İndira Qandi və kraliça II Elizabeti gəzdirib.
Safari turundan sonra turistlər adanın digər hissələrini də gəzə bilərlər. Bunun üçün turist qatarından, velosipeddən və ya elektrik qolf-karından istifadə etmək mümkündür.
Ən mənzərəli yerlərdən biri yaşı 100 ildən çox, hündürlüyü isə 25 metrə çatan şam ağaclarının yerləşdiyi şam xiyabanıdır.
"Briuni”nin tarixi isə Titodan və "Qoşulmama Hərəkatı”ndan xeyli əvvələ gedib çıxır. V–VI əsrlərdə adalar Bizans imperiyası üçün mühüm strateji məntəqə olub. Bu gün burada həmin dövrə aid xarabalıqlar qorunur və bələdçinin sözlərinə görə, onlar "nəhəng daş pazlı” xatırladır.
Maraqlıdır ki, dişi fil Lanka adada yaşamış ən böyük canlı olmayıb. "Briuni”də erkən təbaşir dövrünə aid, təxminən 130 milyon illik 200-dən çox həqiqi dinozavr izi aşkarlanıb.
Xorvatiya Böyük Britaniya sakinləri üçün ən yaxın kurort istiqamətlərindən biri olaraq qalır — uçuş müddəti təxminən 2,5 saat çəkir. May ayından etibarən Londondan Pulaya birbaşa reysləri "easyJet”, "Jet2” və "Ryanair” həyata keçirir və bilet qiymətləri təxminən 35 funt sterlinqdən başlayır. Birbaşa reyslər Birmingem və Bristoldan da mövcuddur.
Pula hava limanı milli park istiqamətində qayıqların yola düşdüyü Fajana qəsəbəsindən 13 kilometr məsafədə yerləşir. Biletləri onlayn almaq daha rahat hesab olunur.
Ekskursiyaların qiyməti böyüklər üçün təxminən 30–35 funt, uşaqlar üçün isə 13 funt civarındadır. Yaz aylarında qiymətlər bir qədər aşağı olur.
Adada gecələmək də mümkündür — burada həm otel otaqları, həm də lüks villalar mövcuddur. Bununla belə, turistlərin əksəriyyəti İstriya bölgəsində materikdə qalaraq Briuniyə birgünlük səfər etməyə üstünlük verir.
Aydın
Şərhlər