Nigeriyada qeyri-adi qoşa toy dünya mətbuatında geniş əks-səda doğurub.
Qaynarinfo xəbətr verir ki, mərasimdə qonaqlar və ətrafdakılar üçün qarışıq anlar yaşanıb. Cütlükləri bir-birindən ayırmaq olduqca çətin olub. Çünki onların adları belə eynidir.
Nigeriyanın cənub-qərbində yerləşən İbadan şəhəri qeyri-adi bir qoşa toya ev sahibliyi edib. Əkiz bacılar Tayvo və Kehinde Adediran, əkiz qardaşlar Tayvo və Kehinde Oquntoye ilə ailə qurub. Mərasimdə hər iki cütlük eyni model gəlinlik və bəy kostyumu ilə iştirak edib.
Adlar belə eynidir: Bunun bir səbəbi var
Yoruba mədəniyyətinin hakim olduğu Nigeriyanın cənub-qərbində əkiz doğumlarının yüksək olması ilə yanaşı, bu cür qoşa toylar nadir hallarda baş verir.
Bundan əlavə, əkizlərin eyni adları da yerli ənənələrlə bağlıdır. Bölgədə əkiz uşaqlara doğulma sırasına görə sabit adlar verilir. Birinci doğulana "dünyanı sınayan” mənasını verən "Tayvo”, sonra doğulana isə "sonradan gələn” mənasını verən "Kehinde” adı verilir.
Kim kiminlə evləndi?
Mərasimdə Tayvo Oquntoye Tayvo Adediran ilə, Kehinde Oquntoye isə Kehinde Adediran ilə evlənib.
Tayvo Oquntoye BBC-yə açıqlamasında deyib: "Həmişə əkizlərlə evlənməyi arzulayırdıq". O, gələcəkdə əkiz övlad sahibi olmağa ümid etdiyini də bildirib.
Kehinde Oquntoye deyib: "Həyat yoldaşlarımız bir-birinə o qədər bənzəyir ki, bəzən ailə üzvləri belə onları qarışdırır. Biz isə heç vaxt səhv salmırıq".
Sosial mediada səyahət məzmunları yaradan Oquntoye qardaşları özlərini "Afrika turizminin ən məşhur əkizləri” kimi təqdim edir.
Necə tanış olublar?
Cütlüklərin tanışlıq hekayəsi təxminən on il əvvələ, İbadan Universitetində oxuduqları dövrə gedib çıxır. Universitetdə bir müəllim Oquntoye qardaşlarına əkiz bacılarla tanış olmağı təklif edib.
Məlumata görə, Adediran bacıları əvvəlcə bu təklifə müsbət yanaşmayıb və mesajlara cavab verməyiblər. Daha sonra dördlü dostluq qurub, lakin həyat onları müxtəlif ölkələrə aparıb. Sonrakı illərdə yenidən əlaqə saxlayaraq münasibətlərini daha da yaxınlaşdırıblar.
Aydın
Şərhlər