Dünyanın ən sıx məskunlaşmış şəhərlərindən biri olan Mexiko Siti hazırda binalarının görkəmindən daha çox, torpağın altına doğru səssiz enişi ilə gündəmdədir. Şəhərin yerləşdiyi təməlin qədim bir göl yatağı olması bu nəhəng metropolu hər gün bir az daha aşağı çəkir.
Qaynarinfo xəbər verir ki, alimlər bu prosesi uzun illərdir izləsələr də, NASA-nın kosmosa buraxdığı ən yeni radar sistemi NISAR fəlakətin miqyasını əvvəllər görünməmiş dəqiqliklə ortaya çıxarıb. Kosmosdan əldə edilən son görüntülər milyonlarla insanın yaşadığı paytaxtın bəzi ərazilərində torpağın hər ay nəzərəçarpacaq şəkildə endiyini göstərir.
Bu dramatik vəziyyətin kökləri bölgənin keçmişində baş vermiş böyük dəyişikliklərə dayanır. Azteklər dövründə Tenoçtitlan adı ilə tanınan şəhər Texkoko Gölünün ortasında yerləşən bir adada su ilə uyğunlaşmış mühəndislik sistemi ilə mövcud olub. Lakin müstəmləkə dövründə bu inkişaf etmiş su idarəetmə sistemləri ləğv edilərək gölün qurudulmasına qərar verilib və bununla da bugünkü problemin təməli qoyulub. Su ilə doymuş yumşaq torpaq zamanla quruyaraq sıxlaşıb və üzərində inşa edilən beton kütlələrin ağırlığı altında çökməyə başlayıb.
Bu gün yeraltı suların həddindən artıq istifadəsi və böyük binaların yaratdığı təzyiq çökmə prosesini geri dönməz hala gətirib. 1920-ci illərdən bəri bilinən bu risk artıq metro xətlərini deformasiya edir, tarixi binaların təməllərini zəiflədir. 2025-ci ildə istifadəyə verilən "NISAR” peyki buludları belə deşə bilən radar texnologiyası ilə bu dəyişiklikləri santimetr-santimetr qeydə alır. Məlumatlara görə, şəhərin bəzi hissələri hər ay 2 santimetrdən çox, yəni ildə təxminən 25 santimetrə qədər çökür.
NASA-nın yayımladığı xəritələrdə ən riskli zonalar tünd mavi rənglərlə işarələnib. Şəhərin simvollarından biri olan Müstəqillik Mələyi abidəsi də bu prosesin canlı nümunəsi kimi göstərilir; ətraf ərazi çökdükcə mühəndislər giriş hissəsinə davamlı olaraq yeni pillələr əlavə etmək məcburiyyətində qalırlar. Alimlər bildirirlər ki, ən böyük radar antenasına sahib olan NISAR peyki təkcə Mexiko Siti üçün deyil, bütün Yer kürəsində geoloji dəyişikliklərin izlənməsi baxımından unikal imkan yaradır.
Aydın
Şərhlər