Xəbər lenti

Heyvanlar sürətlə necə kökəldilir? - Baytar
Ölkə 12:41 20.04.2026

Heyvanlar sürətlə necə kökəldilir? - Baytar "kökəltmə iynələri"nin təsirini izah edir

Toyuq və iri buynuzlu mal-qaranın qısa zamanda kökəldilərək satışa çıxarılması üçün xüsusi kökəltmə iynələrindən istifadə olunur. 

Bu barədə Qaynarinfo-ya açıqlamasında baytar Seyfulla İbadullayev məlumat verib. 

Onun sözlərinə görə, bu iynələr heyvanların qısa müddətdə kökəlməsinə səbəb olur:

"Nəticədə iştah artır və heyvan normadan artıq yem yeyir. Məsələn, əgər heyvan gün ərzində 2 kiloqram yem yeməlidirsə, həmin preparatlardan sonra 4 kiloqrama qədər yem istehlak edir. Bu da onun sürətlə kökəlməsinə gətirib çıxarır".

Seyfulla İbadullayev bildirib ki, baytarlıqda bu preparatlar "qaraciyər iynəsi" kimi tanınır:

"Amma el arasında onlara "kökəltmə iynələri" deyilir. Bu iynələr vurulduqdan təxminən 15 gün sonra heyvanlarda sürətli kökəlmə müşahidə olunur. Çünki heyvanın qaraciyərində parazitlər olduqda, qəbul etdiyi yem orqanizm tərəfindən tam mənimsənilmir və nəticədə çəki itkisi baş verir".

Baytar qeyd edib ki, xüsusilə bəzi bölgələrdə bu problem daha geniş yayılıb:

"Cənub bölgəsində vaxtilə qoyunçuluq zəifləmişdi. Amma hazırda dolanışıq məqsədilə bir çox insan yenidən qoyun saxlayır. Qoyunlara adətən 6 aydan bir "qaraciyər iynəsi" vurulmalıdır. Cənub bölgəsində isə bu iynələrin daha tez-tez, təxminən hər rübdə vurulması tövsiyə olunur. Çünki həmin ərazilərdə çəmən otlarında parazitlər çox olur. Qoyunlar bu otları yeyərkən parazitlər asanlıqla qaraciyərə keçir və çəki itkisinə səbəb olur".

Ekspertin sözlərinə görə, hazırda quşçuluqda da bu cür əlavələrdən istifadə edilir:

"Cücələrə və toyuqlara vitaminlər verilir. Bu da onların həm yumurtlama qabiliyyətini qoruyur, həm də 40 gün ərzində satış üçün hazır vəziyyətə gəlməsini təmin edir".

Baytar sonda vurğulayıb ki, "kökəltmə iynələri" vurulan heyvanların ətinin insan sağlamlığı üçün zərərli olması barədə elmi əsaslı sübut yoxdur. 

Bahar Rüstəmli
--> -->