ABŞ ilə İran arasında son aylarda artan hərbi-siyasi qarşıdurmanın mərkəzində olan Hörmüz boğazı ətrafında diplomatik irəliləyiş siqnalları qlobal enerji və maliyyə bazarlarında nikbinlik yaradıb.
ABŞ Maliyyə naziri Skott Bessentin CNBC-yə verdiyi açıqlama göstərir ki, Vaşinqton hərbi təzyiq strategiyasını diplomatik kanallarla tamamlayaraq dünyanın ən mühüm enerji arteriyalarından biri hesab edilən Hürmüz boğazında normal gəmiçiliyin bərpasına çalışır.
Skott Bessentin sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İrana ünvanladığı sərt xəbərdarlıqlardan sonra tərəflər arasında birbaşa təmaslar başlayıb və boğazın beynəlxalq ticarət gəmiləri üçün heç bir əlavə ödəniş və ya məhdudiyyət olmadan açıq saxlanılması barədə razılıq yaxın günlərdə əldə oluna bilər.
Bu açıqlama təsadüfi deyil. Hörmüz boğazı qlobal enerji təhlükəsizliyinin əsas dayaqlarından biridir. Dünyada dəniz yolu ilə daşınan xam neftin təxminən 20 faizi, mayeləşdirilmiş təbii qaz (LNG) ixracının isə əhəmiyyətli hissəsi məhz bu dar su yolundan keçir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və Qətərin enerji ixracı böyük ölçüdə Hürmüz boğazından asılıdır. Bu səbəbdən burada yaranan istənilən gərginlik neft və qaz bazarlarında dərhal qiymət artımına, sığorta xərclərinin yüksəlməsinə və beynəlxalq yükdaşımaların bahalaşmasına gətirib çıxarır.
ABŞ Maliyyə naziri bildirib ki, hazırda boğazın hər iki istiqamətində enerji məhsulları, gübrə, kimya və sənaye qazları daşıyan yüzlərlə, hətta minə yaxın gəmi hərəkətini gözləyir. Onun fikrincə, sərbəst keçidin bərpası yalnız enerji bazarını deyil, bütövlükdə qlobal təchizat zəncirini rahatlaşdıracaq.
"Orada gözləyən və çıxmağı gözləyən yüzlərlə, hətta 1000-ə yaxın gəmi var. Qiymətlər aşağı düşdükcə böyük rahatlıq dalğası görə bilərik", deyə Bessent bildirib.
Nazir xüsusi vurğulayıb ki, mümkün razılaşma heç bir tranzit rüsumu və ya yeni keçid mexanizmi nəzərdə tutmur. Başqa sözlə, beynəlxalq dəniz hüququnun əsas prinsiplərinə uyğun olaraq ticarət gəmilərinin sərbəst hərəkəti təmin ediləcək. Bu isə son həftələrdə bazarları narahat edən əsas risklərdən birinin aradan qalxması deməkdir.
Skott Bessentin açıqlamalarından dərhal sonra beynəlxalq əmtəə bazarları müsbət reaksiya verib. ABŞ-ın WTI markalı xam neft fyuçersləri təxminən 4 faiz ucuzlaşaraq bir barel üçün 77 dolların altına düşüb. Bu, investorların Hörmüz boğazında hərbi eskalasiya riskinin azalacağına dair gözləntilərinin gücləndiyini göstərir.
Analitiklər hesab edirlər ki, əgər boğaz tam şəkildə təhlükəsiz fəaliyyətini bərpa etsə, neftin qiymətindəki risk əlavəsi tədricən aradan qalxacaq. Bu isə inflyasiya təzyiqlərinin zəifləməsinə, nəqliyyat və logistika xərclərinin azalmasına, eyni zamanda enerji idxalından asılı ölkələrin iqtisadiyyatına müsbət təsir göstərə bilər.
Skott Bessent müsahibəsində qlobal maliyyə bazarlarına da toxunaraq ABŞ və Yaponiyanın valyuta bazarında koordinasiyalı addımlar atdığını təsdiqləyib. Onun sözlərinə görə, Vaşinqton və Tokio yapon yeninin spekulyativ və iqtisadi əsaslarla izah olunmayan dəyər itkisinin qarşısını almaq məqsədilə bazara birgə alış müdaxiləsi həyata keçiriblər.
Nazir bildirib ki, Yaponiya hökuməti ilə sıx koordinasiya davam edir və bu əməkdaşlıq yalnız iki ölkənin maliyyə sabitliyi deyil, həm də qlobal kapital bazarlarında etimadın qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Skott Bessentin açıqlamaları göstərir ki, Vaşinqton Yaxın Şərqdə hərbi güc nümayişi ilə diplomatik danışıqları paralel şəkildə davam etdirməyə üstünlük verir. ABŞ üçün əsas prioritet yalnız İranla qarşıdurmanın idarə olunması deyil, həm də qlobal enerji bazarlarının sabit saxlanılması və dünya iqtisadiyyatında yeni inflyasiya dalğasının qarşısının alınmasıdır.
Əgər Hörmüz boğazı ilə bağlı razılaşma gerçəkləşərsə, bu, təkcə ABŞ və İran münasibətlərində deyil, həm də beynəlxalq enerji bazarlarında, dəniz daşımalarında və qlobal maliyyə sistemində son ayların ən mühüm geosiyasi dönüşlərindən biri kimi qiymətləndirilə bilər.
Siyasət şöbəsi
Şərhlər