İranın bir sıra hücumlarından sonra neft tankerləri Hörmüz boğazından keçməyə davam etsə də, bir çox gəmi təhlükəsizlik səbəbindən marşrutunu dəyişərək geri qayıdır.
Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir , iyulun 8-i, çərşənbə günü səhər saatlarında bir neçə neft tankerinin gəmilərə qarşı həyata keçirilən silsilə hücumlara baxmayaraq Hörmüz boğazından keçdiyi ehtimal olunur. Bu vəziyyət gəmi sahibləri arasında narahatlığı artırıb və ən azı bir supertanker yolun yarısından geri dönüb.
Altı neft tankeri üç digər gəminin hücuma məruz qalmasından bir neçə saat sonra Hörmüz boğazında hərəkət edib. Bu, ötən ay ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəs razılaşmasından sonra riskli ərazidə qeydə alınan ən böyük tanker hərəkəti olub.
Lakin həmin altı gəmidən ən azı biri — Hindistan bayrağı altında üzən "Lila Vadinar” supertankeri — boğazdan keçərək Müsəndəm yarımadasının yaxınlığına çatdıqdan sonra geri istiqamət götürüb.
Hörmüz boğazında qeyri-sabit vəziyyət son günlər tranzit həcmlərinin azalmasına səbəb olub. Bu azalma iyun ayında əldə olunan razılaşmadan sonra müşahidə edilən qısamüddətli artımdan sonra baş verib.
Qaz nəqli demək olar ki, dayanıb
İyulun 7-də baş verən hücumlardan sonra mayeləşdirilmiş təbii qaz (LNG) daşımaları faktiki olaraq dayanıb. Hücuma məruz qalan gəmilər arasında Qətərdən yola çıxan LNG tankeri də olub.
Adətən dünya üzrə LNG tədarükünün təxminən beşdə biri Hörmüz boğazı vasitəsilə həyata keçirilir. Boğazda yeni fasilələrin yaranacağı ilə bağlı narahatlıqlar son iki gün ərzində Avropada qaz qiymətlərinin təxminən 10 faiz artmasına səbəb olub.
İyulun 7-dəki hücumlar kövrək atəşkəs razılaşması üçün ən ciddi sınaqlardan biri hesab olunur. Buna cavab olaraq ABŞ hava zərbələri həyata keçirib və İran neftinin satışına verilən icazəni ləğv edib.
Hörmüz boğazında marşrut seçimi çətinləşir
Boğazda gəmiçilik üçün mövcud risklərə əlavə olaraq, gəmi sahibləri marşrut seçimi ilə bağlı yeni çətinliklərlə üzləşirlər. Tərəflərdən hər hansı birinin narazılığına səbəb olmaq ehtimalı təhlükəsizlik qərarlarını mürəkkəbləşdirir.
Oman sahilləri boyunca uzanan dəhliz ABŞ hərbçilərinin dəstəyi ilə istifadə olunur, lakin son dövrlərdə bu istiqamət İran tərəfindən daha çox təhdid edilir.
Digər alternativ isə boğazın mərkəzi hissəsinə yaxın marşrutdur. Tehran bu əraziyə nəzarət etdiyini bildirir, lakin həmin istiqamətdən təhlükəsiz keçid üçün İran tərəfinin razılığı tələb olunur. Bu isə gəmi operatorlarını əlavə tələblər və mümkün sanksiya riskləri ilə qarşı-qarşıya qoyur.
Gəmi sahibləri dəyişkən vəziyyətə və İranın tələbləri ilə bağlı qeyri-müəyyənliyə uyğunlaşmağa çalışdıqları üçün daha çox gəmi geri dönməyə başlayıb. Bununla yanaşı, bəzi şirkətlər Tehranın təsdiqlədiyi marşrutlardan istifadə etməklə daşımaları bərpa edir.
"Reuters”in məlumatına görə, hücumlardan sonra ən azı dörd neft və qaz tankeri Hörmüz boğazında istiqamətini dəyişərək geri qayıdıb.
Hörmüz boğazında son hadisələr
Bundan əvvəl Qətərin "Al Rekayyat” LNG tankeri Oman sahilləri yaxınlığında Hörmüz boğazından çıxarkən hücuma məruz qalıb. Gəmiyə pilotsuz uçuş aparatı və ya raket vasitəsilə zərbə endirilib, nəticədə yanğın baş verib.
Hətta boğazda təhlükəsiz hərəkət bərpa olunsa belə, keçidlə bağlı ödənişlərin eyni vaxtda iki ölkə — İran və Oman — tərəfindən tələb olunması ehtimalı istisna edilmir. Bu məbləğin ildə on milyardlarla dollara çata biləcəyi bildirilir.
Aydın
Şərhlər