ABŞ prezidenti Donald Trampın xalqa müraciətində müharibəni dayandırmağa dair siqnal verməməsi neft qiymətlərinin yenidən yüksəlməsinə səbəb olub. Münaqişənin əsas nöqtəsinə çevrilən Hörmüz boğazı ilə bağlı isə hərbi müdaxilədən kənar variantlar müzakirə olunmağa başlanıb.
Qaynarinfo "Hürriyet”ə istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı başladığı müharibənin gələcəyi hazırda danışıqlar masası ilə mümkün quru əməliyyatı ehtimalları arasında qeyri-müəyyən olaraq qalır. Dünya ictimaiyyəti Trampın çıxışında müharibənin dayandırılması ilə bağlı mesaj gözləsə də, o, yaxın 2-3 həftə ərzində İrana "son dərəcə sərt zərbələr” endiriləcəyini bildirib. Bu açıqlama bazarlarda yenidən dalğalanma yaradıb. Müharibənin sona çatacağı gözləntisi ilə enən neft qiymətləri yenidən artıb. İranın hücumlara cavab olaraq faktiki şəkildə bağladığı Hürmüz boğazı isə vəziyyəti daha da gərginləşdirib.
Londonda onlayn görüş keçirilib
Böhranın həlli istiqamətində addımların atılmaması ilə bağlı ABŞ tərəfindən tənqid olunan Böyük Britaniyanın təşəbbüsü ilə 40-dan çox ölkə Hörmüz boğazının ticarət gəmiləri üçün yenidən açılması yollarını müzakirə edib.
Böyük Britaniyanın ev sahibliyi etdiyi videokonfransda Türkiyə, Fransa, Almaniya, İtaliya, Kanada, Yaponiya, Avstraliya və BƏƏ də daxil olmaqla çoxsaylı ölkələr iştirak edib.
İştirakçı dövlətlər boğazın "dərhal və qeyd-şərtsiz açılması” çağırışı ediblər. "Financial Times” nəşrinin iddiasına görə, Fransa, Niderland və Körfəz ölkələri də daxil olmaqla bir sıra dövlətlər mümkün koalisiyaya dəniz qüvvələri ilə dəstək verməyə hazır olduqlarını bildiriblər.
Yeni enerji marşrutları gündəmdə
Körfəz ölkələri Hörmüzdən asılılığı azaltmaq üçün alternativ neft və qaz kəmərləri layihələrini müzakirə edir. Məlumata görə, xüsusilə Səudiyyə Ərəbistanının Qırmızı dənizə uzanan Şərq-Qərb boru kəmərinin genişləndirilməsi qısa müddətdə ən real həll yolu hesab olunur.
İraqdan Aralıq dənizi və ya Oman üzərindən keçə biləcək yeni marşrutlar isə yüksək maliyyət və təhlükəsizlik riskləri səbəbindən uzunmüddətli perspektiv kimi qiymətləndirilir.
Tehrandan "Hörmüz Paktı” təklifi
İran isə boğazın hüquqi statusunun dəyişdirilməsi üçün təşəbbüslər irəli sürür. Tehran Körfəz ölkələri ilə "Hörmüz Paktı” imzalamağa hazır olduğunu açıqlayıb.
İran İnformasiya Komitəsinin rəhbəri İlyas Hazrati dövlət mediasına bildirib ki, "Körfəzə çıxışı olan ölkələrlə bir araya gələrək razılıq əldə etmək mümkündür”.
Daha sonra Rusiyanın "Sputnik” agentliyinə danışan İran xarici işlər nazirinin müavini Kazım Garibabadi Hörmüz boğazında təhlükəsiz keçid üçün Omanla birgə protokol üzərində işlədiklərini açıqlayıb. O qeyd edib ki, keçidlər İran və Oman koordinasiyası ilə həyata keçirilməlidir.
Makrondan hərbi müdaxiləyə etiraz
Fransa prezidenti Emmanuel Makron isə Trampın Hörmüz boğazına hərbi müdaxilə çağırışını "realist deyil” adlandıraraq rədd edib. O bildirib ki, problemin həlli hərbi deyil, atəşkəs və diplomatik danışıqlardan keçir.
Makron həmçinin Trampın onun həyat yoldaşı barədə səsləndirdiyi fikirlərə də reaksiya verərək bildirib: "Bu gün regionda davam edən müharibədən və onun iqtisadi təsirlərindən danışırıq. Səsləndirilən ifadələr isə nə uyğun, nə də səviyyəlidir”.
Günay
Şərhlər