Xəbər lenti

Fiziklər qara dəliklərdə yadplanetli texnologiyaların mövcudluğunu iddia edir
Dünya 20:26 27.07.2026

Fiziklər qara dəliklərdə yadplanetli texnologiyaların mövcudluğunu iddia edir

Pensilvaniya Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT) və "Ultraintelligence Foundation" təşkilatından 20-dən çox tədqiqatçı MIT-in Beyin, Ağıl və Maşınlar Mərkəzində "Dyson Minds 2025" adlı iki günlük seminarda bir araya gəlib.

Qaynarinfo xəbər verir ki, alimlər fövqəlkütləvi qara dəliklərin ətrafında yerləşən Deyson sferalarının mümkün sakinlərini necə aşkar etmək barədə müzakirələr aparıblar. Seminarın nəticələri "Publications of the Astronomical Society of the Pacific" jurnalında dərc olunub.

Fizik Friman Deyson tərəfindən 1960-cı illərdə irəli sürülən Deyson sferası konsepsiyası ulduzu və ya digər güclü enerji mənbəyini tam əhatə edən və onun şüalanmasını toplayan hipotetik meqa-strukturu təsvir edir.

Seminar iştirakçıları bu ideyanın qara dəliklərə tətbiq olunan versiyasını nəzərdən keçiriblər. Belə obyektlər akkreasiya diskləri, relativistik reaktiv axınlar və Hokinq şüalanması vasitəsilə nəhəng miqdarda enerji yayır. Bu isə onları son dərəcə inkişaf etmiş sivilizasiyalar və ya onların yaratdığı postbioloji sistemlər üçün potensial enerji mənbəyinə çevirə bilər.

Seminarda fövqəlkütləvi qara dəliyin ətrafında Deyson sürüsünün qurulması ilə bağlı termodinamik və mexaniki məhdudiyyətlər, həmçinin bu miqyasda paylanmış "zəkanın" yaradılması zamanı enerji gücü ilə siqnal ötürülməsi gecikməsi arasındakı tarazlıq məsələləri müzakirə olunub.

Seminarın əsas praktiki tövsiyəsi mövcud məlumat arxivlərində anomaliyaların axtarışı üsullarından istifadə etmək olub. Alimlər hesab edirlər ki, "WISE" infraqırmızı teleskopu, Ceyms Uebb kosmik teleskopu və "Event Horizon Telescope" (Hadisə Üfüqü Teleskopu) tərəfindən toplanmış məlumatlarda standart emal zamanı diqqətdən kənarda qalan qeyri-adi spektral xüsusiyyətlərə malik mənbələr ola bilər.

"Fərziyyəmiz təsdiqlənməsə belə, adətən əvvəllər heç kimin düşünmədiyi maraqlı nəsə tapırıq", deyə yekun hesabatın aparıcı müəllifi, Pensilvaniya Universitetinin Yerdənkənar Zəka Araşdırmaları Mərkəzinin doktorantura sonrası tədqiqatçısı Oliviya Kertis bildirib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->