Xəbər lenti

Hörmüzün blokadası qlobal ekoloji problemə çevrilə bilər (ARAŞDIRMA)
Dünya 19:00 24.07.2026

Hörmüzün blokadası qlobal ekoloji problemə çevrilə bilər (ARAŞDIRMA)

ABŞ ilə İran arasında müharibənin başlamasından təxminən beş ay keçdiyi və bu müddətdə Hörmüz boğazının blokada vəziyyətində qaldığı bildirilir. 

Qaynarinfo xəbər verir ki, "The Times of India" nəşrinin yazdığına görə, boğaz dünyanın ən mühüm enerji daşımaları marşrutlarından biridir və hər il buradan təxminən 600 milyard dollar dəyərində enerji resursları daşınır.

Ekspertlərin hesablamalarına əsasən, hazırda Fars körfəzində təxminən 1500, Oman körfəzində isə daha bir neçə yüz gəmi hərəkətsiz vəziyyətdədir.

Yeni araşdırmada qeyd olunur ki, bu gəmilərin gövdələrində uzun müddət ərzində toplanan dəniz orqanizmləri ticarət bərpa olunduqdan sonra dünyanın müxtəlif bölgələrinə yayıla bilər.

Tədqiqat müəlliflərinin sözlərinə görə, aylarla lövbərdə qalan minlərlə ticarət gəmisinin gövdəsində yosunlar, bığcıqlı xərçəngkimilər, midyələr və digər onurğasızlardan ibarət sıx koloniyalar formalaşır. Gəmilər yenidən beynəlxalq marşrutlara çıxdıqdan sonra bu növlər yeni limanlara daşınaraq genişmiqyaslı bioloji invaziyaya səbəb ola bilər.

Bu proses dənizçilikdə biofouling adlanır. Proses əvvəlcə mikroorqanizmlər və selikli təbəqənin yaranması ilə başlayır, daha sonra isə yosunlar, ilbizlər, xərçəngkimilər və digər qabıqlı canlıların məskunlaşması ilə davam edir.

Bioloq Kerolin Tepolt bildirib ki, invaziv dəniz növləri dünya sahillərində həm ekoloji, həm də iqtisadi baxımdan ciddi problemlər yaradır. Onun sözlərinə görə, bu növlər bir dəfə yeni mühitdə məskunlaşdıqdan sonra onların aradan qaldırılması son dərəcə çətin, bəzi hallarda isə mümkün olmur.

Tepolt qeyd edib ki, qlobal gəmiçiliyin pozulması təkcə logistika sahəsinə deyil, həm də isti sularda yaşayan növlərin yeni limanlara yayılması üçün əlverişli şərait yaradıb.

Məlumata görə, Fars körfəzi limanlarında gəmilər kommersiya fəaliyyətinə başlamazdan əvvəl dalğıclar onların gövdəsini və vintlərini dəniz orqanizmlərindən təmizləyirlər. Bildirilir ki, bu prosedurun dəyəri təxminən 60 faiz artaraq bir gəmi üçün 8 min dollara çata bilər. Buna səbəb operatorların bölgəni mümkün qədər tez tərk etməyə çalışması göstərilir.

"Allianz" şirkətinin dəniz sığortası bölməsinin rəhbəri Yustus Haynrix bildirib ki, əvvəllər belə hallar yalnız nəzəri fəlakət ssenarisi hesab olunurdu.

"İndi isə biz real fəlakət ssenarisinin şahidi oluruq. Bu isə nəzəri risklərin artıq praktik təhlükəyə çevrildiyini göstərir", deyə o vurğulayıb.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->