Xəbər lenti

Humanitar Kollecdə
Foto 12:43 24.06.2025

Humanitar Kollecdə "Məzun Günü" keçirildi (FOTO)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecdə 23 iyun tarixində növbəti "Məzun Günü” tədbiri baş tutub. Ənənəvi olaraq təşkil olunan bu tədbirdə Kollecin rəhbərliyi, professor-müəllim heyəti, dəvətli qonaqlar və 2025-ci ilin məzunları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardından Vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kollecin direktoru, musiqişünas dosent Nərmin Qaralova tədbirdə çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. O, çıxışında Kollecin zəngin tarixi, dəyərləri və məzunlarının bu ənənələri yaşatmaqda rolunu vurğulayıb:

"Siz artıq 87 illik tarixə malik Humanitar Kollecin yetirmələrisiniz. Hər biriniz bu təhsil ocağından bir parça aparırsınız və onun ruhunu sabaha daşıyırsınız.”

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq elmləri doktoru, professor Ceyran Mahmudova da məzunlara xoş arzularını çatdırıb. O, gənclik illərinin həyatdakı önəmini qeyd edərək, Humanitar Kollec məzunlarının universitetə qəbul sayının ildən-ilə artmasından məmnunluğunu ifadə edib:

"Məzunlarımızın bir çoxu artıq ali təhsildə də öz yollarına davam edirlər. Onların tədbirlərdə, konsertlərdə fəal iştirakı və uğurları bizə qürur verir.”

Tədbirin bədii hissəsində aparıcı Toğrul Qasımovun çıxışı, Aydın Quliyevin ifasında səslənən "Məzunlar” repi və DJ Azərin təqdim etdiyi musiqi nömrələri iştirakçılar tərəfindən maraqla qarşılanıb və tədbirə xüsusi bayram ab-havası qatıb.

Qeyd edək ki, 2024/2025-ci tədris ilində ADMİU nəzdində Humanitar Kolleci ümumilikdə 219 tələbə bitirib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->