Xəbər lenti

Zelenski Putinin tələbləri qarşısında kompromisə hazırdırmı? - Özü cavab verdi
Dünya 15:45 24.06.2025

Zelenski Putinin tələbləri qarşısında kompromisə hazırdırmı? - Özü cavab verdi

Atəşkəs – bu müharibədə nə qələbə, nə də məğlubiyyətdir, sadəcə olaraq müvəqqəti dondurulma deməkdir. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski "Sky News” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Rusiyanın Ukraynanı işğal etmək planlarını nəzərə alaraq yalnız münaqişəni təxirə salmaq anlamına gəlir.

Putinlə kompromisə getməyin vaxtının gəlib-gəlmədiyi sualına cavabında Zelenski vurğulayıb:

"İstənilən halda atəşkəs – bu, heç-heçədir. Bu, de-fakto müvəqqəti dondurmadır və bu artıq hər iki tərəf üçün kompromis deməkdir. Lakin bu müharibədə tərəflərin məqsədləri tamamilə fərqlidir. Ruslar bizi işğal etmək niyyətindədir və bunu açıq şəkildə bəyan edirlər. Ukraynalılar isə onları dayandırmaq istəyir. Bu, bizim üçün müstəqillik uğrunda müharibədir”.

Putinin tələblərini yerinə yetirib müharibəni dayandırmağa hazır olub-olmadığı sualına prezident qəti şəkildə "xeyr” cavabını verib:

"Əvvəlcə dialoqun aparılması tərəfdarıyıq. Biz qeyd-şərtsiz atəşkəs ideyasını dəstəkləyirik. Görüşüb danışmalıyıq ki, həqiqi kompromis mümkündürmü və müharibəni dayandırmağın real yolu varmı. Bu vacibdir, çünki belə bir görüşdən sonra biz çıxış yolu axtarmalıyıq”, – deyə Zelenski izah edib.

Prezident qeyd edib ki, Ukrayna ilə Rusiyanın dəyərləri və dünyaya baxışı tamamilə fərqlidir, lakin o əmindir ki, bu qarşıdurmada "adekvatlıq” qalib gəlməlidir. Zelenski əlavə edib ki, Putinin məqsədi təkcə Ukrayna ərazilərini zəbt etmək deyil, həm də ölkənin milli kimliyini silməkdir.

Zelenskinin fikrincə, Putin hazırda müharibədə fasiləyə, Avropa yardımının zəifləməsinə, ABŞ-ın prosesdən çıxmasına və sanksiyaların ləğvinə ümid edir. Bu səbəbdən, Zelenskiyə görə, Ukrayna tərəfdaşları ilə birlikdə siyasi sanksiyalar və uzaqmənzilli silahlar vasitəsilə təzyiq strategiyası tətbiq etməlidir.

Putinin "maksimalist” tələbləri – faktiki olaraq təslim şərtləri

UNIAN qeyd edir ki, Rusiya tərəfindən təqdim olunan "sülh şərtləri” əslində Ukraynanın kapitulyasiyası anlamına gəlir. Bu tələblər aşağıdakılardır:

1. Zəbt olunmuş ərazilərin tanınması

Rusiya Krımın, eləcə də Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin (o cümlədən hələ də nəzarət etmədiyi hissələrinin) Rusiyaya məxsusluğunun tanınmasını tələb edir.

2. NATO-dan imtina

Ukrayna NATO-ya üzvlükdən imtina etməli və rəsmi olaraq neytral status qəbul etməlidir.

3. Demilitarizasiya

Ukrayna ordusunun sayına məhdudiyyət, xarici bazalara və qoşunlara qadağa, səfərbərliklərin və Qərb silah tədarükünün dayandırılması.

4. Sanksiyaların ləğvi və aktivlərin dondurulmasına son

Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərinin açılması və Qərb sanksiyalarının əhəmiyyətli hissəsinin aradan qaldırılmasını tələb edir.

5. Ukraynada siyasi dəyişikliklər

Qısa müddətdə seçkilərin keçirilməsi, rus dilinə rəsmi status, "milliyyətçi qrupların” qadağan olunması, rusdilli vətəndaşlara təhlükəsizlik və hüquqların təmin olunması.

Kreml eyni zamanda iki variantlı atəşkəs təklif edir:
– Rusiya qoşunlarının Ukraynanın cənub-şərqindən çıxarılması və ya
– mobilizasiyanın və Qərb silahlarının çatdırılmasının dayandırılması ilə "paket razılaşması”.

Zelenski isə bu tələblərin qəbulolunmaz olduğunu vurğulayır və bildirir ki, Ukraynanın ərazi bütövlüyü, suverenliyi və azadlığı heç vaxt bazarlıq mövzusu ola bilməz.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->