İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Publik Hüquqi Şəxsinin şikayəti əsasında icarə haqqını ödəməyən "Le cafe” restoranına məxsus əmlakın müsadirəsi ilə bağlı qərar qəbul edilib.
Qaynarinfo-nun məlumatına görə, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Elgiz Məmmədov arasında 2023-cü ildə aylıq 3 871,85 manat məbləğində icarə müqaviləsi bağlanıb.
Lakin 35 278,65 manat məbləğində icarə haqqı və 49 869,43 manat məbləğində dəbbə pulu (cərimə, penya) olmaqla, ümumilikdə 85 148,08 manat borc ödənilmədiyi üçün İdarə restoranın icarəçisi Elgiz Məmmədov barəsində məhkəməyə müraciət edib.
Məhkəmənin qərardadına əsasən, İçərişəhər, Səftər Quliyev küçəsi 7 ünvanında yerləşən, 104,1 kvadratmetr qapalı və qarşısındakı 32 kvadratmetrlik açıq sahə ilə birlikdə ümumilikdə 136,1 kvadratmetr qeyri-yaşayış sahəsində fəaliyyət göstərən "Le cafe” restoranında icarəçiyə məxsus əmlakın siyahıya alınaraq müsadirə edilməsi və özgəninkiləşdirilməsinin qarşısının alınması məqsədilə üzərinə həbs qoyulub.
Siyahıya daxil edilən əşyalar bunlardır: 1 ədəd Komtel istilik peçi, 2 ədəd kondisioner, 24 şamlı çılçıraq, 4 ədəd pəncərə komplekti, havalandırma borusu, 8 ədəd Toshiba markalı televizor, bar stoykası, sanitar qovşağı və mətbəx üçün 3 ədəd qapı komplekti, divar üçün 4 ədəd dinamik, 2 ədəd sanitar qovşağı unitazı, 2 ədəd sanitar qovşağı üçün moyka komplekti, 4 ədəd gecə lampası, çöl üçün 1 komplekt taxta güldan, 1 ədəd Nokia modem, terasa üçün 4×4 metr ölçüdə tent, 8 kvadratmetr divar dekor taxtası, 1 ədəd dekorativ güzgü, 4 kvadratmetr dekorativ divar gülləri və 2 ədəd divar portreti.
Məhkəmə qərardadının dərhal icra olunması tapşırılıb.
Aydın
Şərhlər