Xəbər lenti

İki böyük zəlzələ ilə sarsılan Venesuelada yeni narahatlıql - Epidemiya
Dünya 17:49 30.06.2026

İki böyük zəlzələ ilə sarsılan Venesuelada yeni narahatlıql - Epidemiya

Venesuelada 24 iyun tarixində cəmi 39 saniyə fərqlə baş verən 7 baldan yuxarı ikiqat zəlzələ ağır fəsadlara səbəb olub. Son rəsmi məlumatlara görə, təxminən 1700 nəfər həyatını itirib, 5000 nəfər isə yaralanıb. Zəlzələdən zərər görən bölgələrdə yeni təhlükə gündəmə gəlib: epidemiyalar riski.

Qaynarinfo xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyə infrastrukturunun ciddi təzyiq altında olduğu Venesuelada yoluxucu xəstəliklərin yayılma ehtimalına qarşı xəbərdarlıq edib. CNN International tərəfindən yayımlanan qrafiklər isə dağıntının miqyasını ortaya qoyur.

Cenevrədə keçirilən mətbuat konfransında çıxış edən ÜST sözçüsü Kristian Lindmeyer bildirib ki, səhiyyə xidmətləri hazırda həddindən artıq yüklənib: "Müəssisələr öz güc həddindən artıq işləyir".

Epidemiya riski artıb

Lindmeyerin sözlərinə görə, zəlzələdən əvvəl aşağı peyvənd göstəriciləri səbəbindən qızılca və difteriya kimi peyvəndlə qarşısı alına bilən xəstəliklərin, eləcə də sarı qızdırma, malyariya, dang qızdırması, çikunqunya və Zika kimi vektor və su mənşəli xəstəliklərin yayılma riski artır. O qeyd edib: "Hazırda peyvəndlə qarşısı alına bilən xəstəliklərin epidemiya riski yüksəlib”.

AFP-nin məlumatına görə, Venesuela keçid prezidenti Delçi Rodriges zəlzələlərdən 38 xəstəxananın zərər gördüyünü bildirib.

İngiltərənin "Healing Venezuela” yardım təşkilatının könüllüsü doktor Andres Kortiz isə Karakasdakı 8 xəstəxananın fəaliyyətini dayandırdığını, işləyən xəstəxanaların isə həddindən artıq xəstə yükü altında qaldığını və əsas dezinfeksiya vasitələrinin çatışmadığını bildirib.

İtkin düşənlərin sayı qeyri-müəyyəndir

ÜST həmçinin bildirib ki, çərşənbə günü baş verən 7,5 və 7,2 bal gücündə ikiqat zəlzələdən sonra ölənlərin təsdiqlənməsi və itkin düşənlərin müəyyənləşdirilməsi ciddi çətinliklərlə üzləşib. Rəsmi rəqəmlərə görə, 1700-dən çox insan ölüb, 5000-dən çox yaralı var. İtkinlərlə bağlı isə hələ də rəsmi açıqlama verilməyib, bəzi qiymətləndirmələrə görə rəqəmlər on minlərlə ola bilər.

Səhiyyə sistemində böhran

ÜST-nin ilkin qiymətləndirməsinə əsasən Karakas, La Quaira, Miranda və Falkon bölgələrində 21 səhiyyə müəssisəsi araşdırılıb. Bunlardan 3-ü kritik vəziyyətdədir, 6-sı ciddi zədələnib və ya qismən fəaliyyət göstərir. Qalan xəstəxanalar fəaliyyət göstərsə də, ciddi təzyiq altındadır.

Sözçü bildirib ki, xəstəxanalarda xidmətlər və xəstə axını tamamilə nizamsız hala düşüb, vəziyyət xaotik xarakter alıb. Xüsusilə travmatologiya, ortopediya və neyrocərrahiyyə əməliyyatlarının sayı kəskin artıb.

BMT Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) yardım çatışmazlığının sosial gərginliyi artırdığı barədə xəbərdarlıq edib. Təşkilat yaxın 6 ay ərzində 30 min insana dəstək göstərmək üçün təxminən 14,85 milyon dollar vəsaitə ehtiyac olduğunu açıqlayıb.

"Sərhədsiz Həkimlər” (MSF) təşkilatı da minlərlə evsiz insan üçün yardım hazırladığını, həmçinin psixoloji dəstəyə tələbatın son dərəcə yüksək olduğunu bildirib.

Xilasetmə əməliyyatları və ümidlər azalır

Ekvadorlu xilasetmə qrupları La Quairada dağıntılar altından 12 yaşlı bir uşağın sağ çıxarıldığını bildirib. Lakin mütəxəssislər "qızıl 72 saat”ın keçməsi səbəbindən sağ qalma ehtimalının azaldığını qeyd edir.

Evsizlər məktəblərə sığınıb

CNN International-ın məlumatına görə, zəlzələdən sonra məktəblər bağlanıb. Təkcə Karakasda 432 məktəb zədələnib. Bəzi zədələnməmiş məktəblər isə minlərlə evsiz insan üçün müvəqqəti sığınacağa çevrilib.

Afterşoklar davam edir

Bazar ertəsi səhər saatlarında 4,9 bal gücündə afterşoklar qeydə alınıb. Böyük dağıntı olmasa da, əhali arasında panikaya səbəb olub.

"İşıq sistemi" tətbiq olunur

Bəzi bələdiyyələr binaların vəziyyətini qiymətləndirmək üçün "svetofor sistemi” tətbiq edir. Yaşıl rəng binanın istifadəyə yararlı olduğunu, sarı orta dərəcəli zədələnməni, qırmızı isə təhlükəli vəziyyəti göstərir.

Dağıntının miqyası böyükdür

Oregon Dövlət Universitetinin peyk görüntülərinə əsaslanan analizinə görə, ölkə üzrə təxminən 59 min bina zədələnib və ya dağılıb. La Quaira əyaləti fəlakət zonası elan edilib.

CNN International tərəfindən yayımlanan məlumatlara görə, qırmızı rənglə işarələnənlər zədələnmiş, boz rənglilər isə zədələnmədiyi ehtimal edilən binaları göstərir.

Aydın
--> -->