Şuşada iyuliun 14-də Slovakiya Prezidenti Peter Pelleqrininin rəsmi qarşılanma mərasimi olub.
Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Slovakiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Prezidenti Peter Pelleqrinini qarşılanıb.
Fəxri qarovul dəstəsinin rəisi Slovakiya Prezidentinə raport verib.
Slovakiya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Slovakiya Prezidenti Peter Pelleqrininin qarşısından keçib.
Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Peter Pelleqriniyə, Slovakiya nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Daha sonra İlham Əliyevin Peter Pelleqrini ilə təkbətək görüşü olub.
***
İyulun 14-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: Hörmətli qonaqlar, Azərbaycana xoş gəlmisiniz. Qarabağa xoş gəlmisiniz. Sizi görməyimə çox şadam. Əvvəlcə, qonaqpərvərliyə görə minnətdaram. Ötən il ölkənizə rəsmi səfərimdən və müzakirələrimizdən xoş xatirələr qalır. Məmnunam ki, fəal dialoqu davam etdiririk. Eyni zamanda, şadam ki, Sizi Administrasiyanızın və Hökumətinizin mühüm üzvlərindən ibarət çox böyük nümayəndə heyəti müşayiət edir. Biz də böyük heyətimizlə buradayıq. Bu, işin və ikitərəfli gündəliyin miqyasını, həmçinin irəliləyişi gördüyümüz və əlavə irəliləyişi görmək istədiyimiz həmin istiqamətləri nümayiş etdirir. Elə indicə bir çox məsələlərlə bağlı təkbətək fikir mübadiləsi apardıq, indi isə nümayəndə heyətləri ilə davam edirik. Tam əminəm ki, bu səfər tərəfdaşlığımıza əlavə təkan verəcək.
Sizi Qarabağda qəbul etmək xüsusilə xoşdur. Sabah Siz Bakıda olacaqsınız. Biz, həmçinin hazırda slovak şirkəti tərəfindən tikilən "ağıllı kənd”ə səfər edəcəyik və bu, güclü əlaqələrimizin digər yaxşı nümunəsidir. Hazırda burada, Qarabağda yenidənqurma işləri hökumətimizin əsas prioritetlərindən biridir. Buna görə slovak mütəxəssislərin iştirakı olduqca vacibdir. Bir sözlə, biz bu gün gündəliyimizdə olan bir çox məsələləri əhatə edəcəyik. Bir daha xoş gəlmisiniz və dəvətimi qəbul etdiyinizə görə minnətdaram.
x x x
Slovakiya Prezidenti Peter Pelleqrini çıxış edərək dedi: Çox sağ olun, cənab Prezident. Güclü nümayəndə heyəti ilə yenidən Azərbaycanda olmaq bizim üçün böyük şərəfdir və dəvətinizə görə Sizə bir daha təşəkkürümü bildirirəm.
Sizin Bratislavaya səfəriniz mənim də xatirimdədir. Həmin səfər diplomatik münasibətlərimizin tarixində mühüm səfər oldu. Əlbəttə, mən Bakıda deyil, Qarabağda, Şuşada görüşmək təklifinizi çox yüksək dəyərləndirirəm. Biz, həqiqətən, böyük təəssürat altındayıq. Ötən gecədən başlayaraq, cəmi bir neçə saatdır buradayıq və azad ediləndən sonra bir neçə il ərzində görülmüş işlər, həyata keçirilmiş infrastruktur layihələri bizə xoş təəssürat bağışladı. Biz çox fərəhlənirik ki, Slovakiya həmin işlərdə iştirak edir. Həmin mühüm layihələrdə iştirak edən iki xarici şirkətlərdən biri bizik. Ümid edirik ki, slovak ekspertlər gələn illərdə də burada digər yeni layihələrdə iştirak edəcəklər.
x x x
Geniş tərkibdən sonra qarşılıqlı hədiyyələr təqdim olunub.
***
Azərbaycan Prezidenti İlham Əliyev və Slovakiya Prezidenti Peter Pelleqrini iyulun 14-də Şuşada mətbuata bəyanatlarla çıxış ediblər.
Şərhlər