Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir:
"Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, etik standartların təşviqi, media savadlılığının artırılması və medianın sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək məqsədi daşıyır. Media islahatı dayanıqlı institutların qurulması, müstəqil jurnalistikanın dəstəklənməsi, dezinformasiyaya qarşı müqavimətin artırılması və ictimai etimadın gücləndirilməsi haqqındadır".
Hikmət Hacıyev deyib ki, bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş geniş dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər:
"Biz bu faktları yoxlayır və faktlara əsaslanan cavablar təqdim edirik. İndi isə həqiqəti sübut etmək daha çətindir, çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu oynamalı olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər. Hökumətlər, media təşkilatları, texnologiya şirkətləri, akademiya və vətəndaş cəmiyyəti dəqiq, şəffaf və hesabatlı informasiya mühitinin yaradılması üçün ortaq məsuliyyət daşıyırlar".
Prezident köməkçisi əlavə edib ki, dialoq, peşəkar jurnalistika və qarşılıqlı hörmət vasitəsilə etimad da bərpa oluna bilər.
Hikmət Hacıyev bildirib ki, bəzi beynəlxalq media qurumları Qarabağ münaqişəsində Azərbaycanı günahkar kimi təqdim etməyə çalışırdı. Onun sözlərinə görə, forum fəaliyyətə başladığı gündən regionun aparıcı platformalarından birinə çevrilib:
"Şuşa Qlobal Media Forumunda süni intellekt mövzusu müzakirə olunurdu. O zaman süni intellektin ilkin mərhələsi idi və bəziləri üçün süni intellekt əsasında hazırlanmış çıxışları dinləmək sürpriz idi. Cəmi iki il keçdikdən sonra süni intellekt artıq reallığımıza çevrilib. Sosial media ünsiyyət imkanlarını genişləndirsə də, eyni zamanda, dezinformasiya və cəmiyyətdə manipulyasiyaların yayılmasını da sürətləndirib. Rəqəmsal platformalar milyardlarla insana səs verib, lakin bu səs bəzən həqiqəti yalandan ayırmağı çətinləşdirir".
H.Hacıyev bildirib ki, sülh artıq həm də məsuliyyətdən asılıdır:
"Qarabağ münaqişəsi beynəlxalq medianın da diqqət mərkəzində olub. Bəzi beynəlxalq media qurumları bizi bu münaqişədə günahkar qismində təqdim etməyə çalışırdılar. Bu da çox təəssüf doğurur. Qarabağ münaqişəsi haqqında danışarkən qeyd etmək lazımdır ki, biz sadəcə öz suverenliyimizi bərpa etmək istəyirdik və buna nail olduq. Lakin buna baxmayaraq, beynəlxalq mediada bizə qarşı qərəzli yanaşmalar davam edirdi".
Şərhlər