Xəbər lenti

Ukrayna və Rusiya arasında yeni cəbhə: Zehinlər uğrunda mübarizə
Dünya 12:38 14.07.2026

Ukrayna və Rusiya arasında yeni cəbhə: Zehinlər uğrunda mübarizə

Ukrayna-Rusiya müharibəsində pilotsuz uçuş aparatlarının (PUA) hücumlarından sonra Kiyev indi də Rusiya cəmiyyətinin müharibəyə dəstəyini daxildən zəiflətməyi hədəfləyən psixoloji müharibə strategiyasına üstünlük verir. Bu təşəbbüsün arxasında isə Ukraynada PUA texnologiyalarının inkişafında mühüm rol oynamış Mariya Berlinska dayanır.

Qaynarinfo xəbər verir ki, dünyanın ən müasir PUA müharibələrindən birinin yaşandığı Ukraynada hərbi və mülki rəhbərlər yaxın vaxtlarda Kiyevdə toplaşaraq müharibənin növbəti və ən mühüm mərhələsi hesab etdikləri "zehinlər uğrunda mübarizə"ni müzakirə ediblər.

Görüşün təşkilatçısı 2014-cü ildə könüllü kəşfiyyatçı kimi fəaliyyətə başlamış, komandirlərini PUA-lardan istifadə etməyə təşviq etmiş Mariya Berlinska olub. O, minlərlə dron operatoru hazırlayan və müdafiə texnologiyalarına investisiyalar cəlb edən "Victory Drones" qeyri-kommersiya təşkilatının təsisçisidir.

Hazırda Berlinska "Victory Neurones" adlı yeni təşəbbüs çərçivəsində strateji kommunikasiya, kibermüharibə və informasiya əməliyyatları üzrə mütəxəssisləri bir araya gətirib.

"Müharibələr səngərlərdə deyil, insanların beynində başlayır və orada da bitir"

Zirvənin açılışında çıxış edən Berlinska bildirib: "Müharibələr səngərlərdə deyil, insanların beynində başlayır və orada da bitir. Siz bu sahənin mütəxəssislərisiniz. İstəyirəm ki, fəaliyyətinizlə bu sahədə köklü dəyişiklik yaradın".

Rəsmilərin sözlərinə görə, yeni strategiyanın əsas məqsədləri Rusiya ictimaiyyətinin müharibəyə dəstəyini zəiflətmək, həmçinin Moskvanın gələcəkdə mümkün ümumi səfərbərlik elan etmək və yeni hərbçilər cəlb etmək imkanlarını məhdudlaşdırmaqdır.

Berlinska vurğulayıb ki, Ukraynanın dron texnologiyalarındakı uğurları mühüm əhəmiyyət daşısa da, təkbaşına müharibənin taleyini həll edə bilməz.
 


Dronlar hər şeyi həll etmir

Zirvədə təqdim olunan hərbi məlumatlara əsasən, son aylarda Ukrayna cəbhə xəttini qorumağa nail olub. Bildirilir ki, döyüş meydanında həlak olan hər bir Ukrayna hərbçisinə qarşı üç-dörd Rusiya hərbçisi sıradan çıxarılır. Lakin Berlinskanın sözlərinə görə, əgər Rusiya Prezidenti Vladimir Putin genişmiqyaslı səfərbərlik elan edərsə, bu göstərici kifayət etməyəcək.

"Əgər Rusiya kütləvi səfərbərliyə başlasa, cəbhəni saxlamaq üçün hər bir Ukrayna hərbçisinə qarşı səkkiz-on Rusiya hərbçisini sıradan çıxarmaq lazım gələcək. Bunu hərbi baxımdan davam etdirmək son dərəcə çətindir", deyə o bildirib.

Görüşə onlayn qoşulan Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbər vəzifəsini icra edən general-mayor Yevgeni Xmara və Ukraynanın rəqəmsal transformasiya naziri Mixaylo Fedorov da bu yanaşmanı dəstəkləyiblər.

Fedorov qeyd edib ki, Ukrayna elektron müharibə və dron texnologiyalarında Rusiyanın üstünlüyünü azaltmağa başlayıb.

"Rusiyanın ballistik raketləri və idarəolunan bombalarına necə qarşı duracağımızı bilirik. İndi isə məqsədimiz Rusiyanın ən güclü olduğu informasiya müharibəsində də onu geridə qoymaqdır", deyə nazir bildirib.

İnformasiya müharibəsində Rusiyanın təcrübəsi

"Koqnitiv müharibə" termini təbliğat, dezinformasiya, hibrid hücumlar və psixoloji əməliyyatları əhatə edir. Rusiya Sovet İttifaqı dövründən etibarən bu sahədə geniş təcrübəyə malikdir.

Kibermüharibə Araşdırmaları İnstitutunun rəhbəri Sergey Demedyuk bildirib ki, Rusiya hələ 2014-cü ildə Krımı ilhaq etməzdən əvvəl Ukrayna cəmiyyətini parçalamaq məqsədilə kiberhücumlar və informasiya kampaniyaları həyata keçirib. Onun sözlərinə görə, 2022-ci ildə başlayan genişmiqyaslı işğaldan sonra bu fəaliyyət enerji və rabitə infrastrukturuna yönəlmiş kiberhücumlarla yanaşı davam etdirilib.

Demedyuk dezinformasiyaya qarşı mübarizənin mürəkkəb olduğunu vurğulayaraq xəbərdarlıq edib: "Yalanı və ya dezinformasiyanı təkzib etməyə çalışarkən bəzən fərqinə varmadan həmin mesajın daha geniş yayılmasına şərait yaradırsınız".
 


Mülki və hərbi əməkdaşlıq genişlənir

Berlinska bildirib ki, vaxtilə qarşısından çəkinərək keçdikləri Ukrayna Təhlükəsizlik Xidmətinin qərargahına bu gün tanınmış yazıçı və musiqiçi Serhey Jadanı, həmçinin Nobel Sülh Mükafatı laureatı, hüquq müdafiəçisi Oleksandra Matviyçuku aparıb. Onun sözlərinə görə, hazırda vətəndaş cəmiyyəti ilə xüsusi xidmət orqanları ortaq məqsəd naminə əməkdaşlıq edir.

General-mayor Xmara qeyd edib ki, SBU Rusiya informasiya əməliyyatlarının qarşısını almaqla yanaşı, öz əməliyyatlarını da həyata keçirir: "Bu sahədə fəaliyyətin genişlənməsini alqışlayırıq. Uğura yalnız birlikdə nail ola bilərik".

Nazir Fedorov isə Müdafiə Nazirliyinin tərkibində "Koqnitiv müharibə mərkəzi" yaradıldığını açıqlayıb. Onun sözlərinə görə, məqsəd bu istiqamətdə layihələri maliyyələşdirmək, uğurlu təşəbbüsləri sürətlə genişləndirmək və sistemli informasiya kampaniyaları həyata keçirməkdir.

Rus dili və mədəniyyəti strateji alət kimi

Zirvədə çıxış edən Kiyev Strateji Kəşfiyyat İnstitutunun direktoru, Rusiya elitaları üzrə ekspert Mariya Kuçerenko ukraynalıları rus dilini və Rusiya cəmiyyətini daha dərindən öyrənməyə çağırıb.

"Bu, rus mədəniyyətinin yaxşı və ya pis olması məsələsi deyil. Bu, bizim sağ qalmaq mübarizəmizdir. Rusiyanın zəif tərəflərini müəyyən edib qeyri-simmetrik təsir üsulları hazırlamalıyıq. Çünki bu müharibəni yalnız eyni hərbi güclə qazanmaq mümkün deyil", deyə Kuçerenko bildirib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->