Kəşfləri tək dahilər etmir, adi insanlar da edir – bir fərqlə ki, dahilər bunu hamı üçün, bütün insanlıq üçün edir, adi adamlarsa özləri üçün. Bir adi adam idmanla nə qədər maraqlana bilərsə, mən də o dərəcədə idman üzrə "mütəxəssis”əm, ona görə əvvəldən üzrxahlığımı edirəm ki, tez özünüzdən çıxıb "kişi, başın çıxan şeylərdən yaz də!” deməyəsiniz.
Gizlin deyil ki, gənc oğlanlar daha çox idmanın ağır növlərilə maraqlanırlar: futbol heç, bu yaşa gəlmişəm, hələ bir adam görməmişəm ki, "futboldan zəhləm gedir” desin. Daha sonra boks, nə bilim, bunun güləşi, sambosu, cidosu gəlir.
Mən ağır güc idmanlarından danışmaq istəyirəm. Onlar haqqında mən ilk "zərbə”ni Cek Londonun "Ağır əlcəklər” hekayəsini oxuyanda almışam. Çox təsirləndirmişdi məni. Daha güclü zərbə isə ilk dəfə xəstə Məhəmməd Əlini canlı görəndə yaşadım - əlbəttə ki, televiziyadan görməkdən söhbət gedir.
Sonralar onu hərdən göstərirdilər və adam bu kadrlara baxıb az qala, hər şeyə nifrət edirdi. Hərçənd, hələ də dəqiq bilmirəm, Əlinin bu xəstəliyə düçar olmasında böyük idmanın rolu nə qədər olmuşdu?
Amma qeyri-ixtiyari daim düşünüdün ki, kimin başına belə zərbələr dəysəydi bundan da betər günə qalardı! Elə C.London da öz hekayəsində bunu vermişdi: bir ani sürüşmə, başa dəyən çox dəhşətli zərbə və SON...
Doğrusu, bunlardan sonra ciddi maraqlanmağa başladıım. Məlum oldu ki, böyük idmanın bir çox növləri dəhşətli dərəcədə böyük dərdlər də gətirə bilir. Biz hamımız elə bilirik ki, idman təkcə böyük populyarlıq və hətta böyük pullardır. Yox, sovetin vaxtında heç bunlar da yox idi, hətta olsaydı, nə dəyişəcəkdi? Əlinin pulu da vardı. Amma nə olsun? Özü ki, artıq yox idi...
O vaxt gənc həkimlər, tələbə dostlar və rəfiqələr daha nələr danışmırdılar böyük idmandan? Deyirdilər ki, guya gimnast qadınlar doğmağa gələndə xəstəxanalarda ÇP olur, çünki bu qadınların idman fizioloji xüsusiyyətlərini çox dəyişidirir, qadın kimi onlara ziyan vurur!
Əlbəttə, bütün idman növləri haqqında bunu demək olmaz, amma dərhal sual yaranır: Doğrudanmı, olmaz? Bax, burada təkrar barmağını dişləməli olursan ki, doğrudanmı, olmaz? Axı böyük idman bədən üçün çox böyük yükdür! Bunun insana böyük bir xeyri varmı?
Mən, əlbəttə ki, nə idman mütəxəssisiyəm, nə də həkim, mənim sözlərimi ciddi qəbul etməmək də olar. Amma imkanım olsaydı, məsələn, boksu bir idman kimi ləğv edərdim. Burada yadıma yenə Əli və bir də Londonun qəhrəmanı düşür! Nə deməkdir bu? Xüsusən də bu qaydasız döyüş - filan kimə lazımdır?..
Təsəvvür edin, iki adam az qala, biri-birinin ətini yeyir, bizsə bundan həzz alırıq. Qladiatorları belə döyüşdürmürdü qədim insanlar! Yox, əgər hətta döyüşdürürdülərsə, biz də onlar kimi olmalı və düşünməliyik? Doğrudanmı, min illiklər hədər keçir, heç nə dəyişmir – bircə quldarların və qulların adlarından savayı!..
Beləcə, illər ərzində hər dəfə belə xəbərləri oxuya-oxuya mənim böyük idmana münasibətim soyumağa başladı - əlbəttə, bir adi, sıravi tamaşaçı kimi, belədəsə, mən heç idman jurnalisti də deyiləm ki, kimsə mənim də sözümü ciddiyə alsın.
Düşünmək olardı ki, digər idman növləri, misal, şahmat tamam başqa şeydir. Amma dərhal soruşarsınız ki, aldatmadın ki? Ona görə ki, şəxsən mən Cek Londonun hekayəsindəkinə bənzər bir gərginliyi V.Nabokovun məşhur hekayəsində - şahmatçı haqdakı hekayədə hiss etdim.
Odur, fərq eləmir, ağır yük hər cəhətdən ağırdır – istər qoluna güc ver, ya istərsə də beyninə, bütün hallarda, bunlar eyni bio-materialdır, limiti var, keçdin, məhv olacaqsan.
Ona görə şahmatı deyə bilmərəm, amma boksa-filana baxa bilmirəm. Həm də bilirsiz, ağlıma nələr gəlir? Axı biz "təbiətin tacı” statusunu əzələlərimizin sayəsində yox, beynimizin gücü hesabına qazanmşıq. Bəs onda bu, nə zooloji hisdir bizdə ki, hələ də oturub iki adamın biri-birini necə qana boyamasına baxırıq?
Sözümün canı: böyük idman bəlkə də hər şeydir, siyasətdir, biznesdir, hətta pəşədir, amma sağlamlıq deyil, hətta bəzi hallarda qeyri–insanlıqdır. Mən hər dəfə televiziya ilə Əlinin əsən cismini seyr edəndə düşünürdüm ki, İlahi, bu, nəyin günahıdır? Yüz minlərlə insanı riqqətə gətirən, hətta əyləndirən bu adam niyə bu günə qalmalı idi axı? Odur ki, məni böyük idman haqqında fikrimdən daşındırmağa çalışmayın, lap tutaq kimsə 250 kq da yox, 300 kq qaldırdı! Nə olsun? Nə dəyişəcək, yoxsa tikintidə kran əvəzinə ondan istifadə edəcəyik?..
Hüseynbala Səlimov
Şərhlər