Dünya 14:35 14.03.2024

İlin əsas maliyyə intriqası: BVF yeni direktor axtarır

Beynəlxalq Valyuta Fondu idarəedici direktor vəzifəsinə namizədlərin axtarışına başladığını elan edib.

Qaynarinfo xəbər verir ki, qaydalara əsasən, namizədlər Fondun idarə heyəti və ya idarə heyətinin üzvləri tərəfindən irəli sürülə bilər. BVF-nin açıqlamasında deyilir ki, müraciətlərin qəbulu martın 14-də başlayacaq və aprelin 3-də sona çatacaq, proses gizli olacaq.

Bundan sonra üç nəfərdən ibarət qısa siyahı formalaşdırılacaq və bu siyahı geniş ictimaiyyətə açıqlanacaq. Daha sonra idarəçilər şurası namizədlərlə üzbəüz görüşlər keçirəcək və gələcək idarəedici direktoru seçəcək.

BVF yeni rəhbərin seçilməsi prosesini aprelin sonuna qədər başa çatdırmağı planlaşdırır.

BVF-nin hazırkı rəhbəri Kristalina Georgiyevadır, o, 2019-cu ilin oktyabrında standart beş il müddətinə vəzifəyə başlayıb. İdarəedici direktor bu vəzifəni ardıcıl bir neçə müddətə tuta bilər.

Bundan əvvəl Fransanın maliyyə naziri Bruno Le Maire bildirib ki, Fransa Georgiyevanın ikinci müddətə namizədliyini dəstəkləyəcək.

Alpər