Xəbər verdiyimiz kimi, 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən 6-sı kənd məktəblərində təhsil alanlardır.
"Qafqazinfo” xəbər verir ki, onlar öz təəssüratlarını "Azərbaycan müəllimi” ilə bölüşüblər.
"Arzusu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaqdır”
Sevil Gülməliyeva,
Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbin XI sinif şagirdi
Maksimal bal toplayan şagirdlərdən biri də Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbin XI sinif şagirdi Sevil Gülməliyevadır.
"Azərbaycan müəllimi”nə öz təəssüratlarını paylaşan Sevil deyir ki, imtahana ciddi hazırlaşmışdı. Adını buraxılış imtahanında 100 faiz nəticə göstərən şagirdlər siyahısında görəndə sevinc hissi keçirib. Məktəbinə başucalığı gətirən Sevil 11 illik təhsil həyatında bir sıra uğurlar qazanıb. Belə ki, o, rayon üzrə keçirilən bilik yarışlarında yüksək bilik və bacarıq göstərərək müvafiq yerlər tutub. 2022-2023-cü tədris ilində Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medala layiq görülüb.
Bütün fənlərdən qiymətləri "əla” olan Sevil Gülməliyevanın ən böyük arzusu ölkəmizin tanınmış ali məktəblərindən biri sayılan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaqdır. Sevil üzərində əməyi olan müəllimlərindən Təranə Bayramovanın, Nişanə Xeyrullayevanın, Nərgiz Ağamirzəyevanın və Anar Hüseynovun adlarını xüsusi qeyd edərək onlara öz təşəkkürünü bildirib.
"Əslində yüksək nəticə olacağını da gözləyirdim”
Leyla Səfərova,
Saatlı rayonu Ə.Şükuroğlu adına Varxankənd kənd tam orta məktəbin şagirdi
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən şagirdlərdən biri də Saatlı rayonu Ə.Şükuroğlu adına Varxankənd kənd tam orta məktəbin şagirdi Leyla Səfərovadır. O, uğur qazanmasının sirrini çox çalışmaqda olduğunu deyir: "Müəllimlərimə minnətdarlığımı bildirirəm. Həm müəllimlərim, həm də məktəbin rəhbərliyi mənə həmişə dəstək olub. İmtahanda uğur qazanmağım üçün həmişə sistemli olaraq çalışmışam. Çalışırdım ki, vaxtımı düzgün bölüm, imtahana qədər mövzuları oxuyub bitirim. İmtahan nəticələri çıxanda çox həyəcanlı idim. Bu nəticə mənim üçün çox gözəl oldu. Əslində yüksək nəticə olacağını da gözləyirdim. Bu uğurlarımın qazanılmasında ən böyük dəstək göstərənlərdən biri də babam olub. Babam məndə uşaq yaşlarımdan öyrənməyə həvəs yaradıb. Arzum hüquqşünas olmaqdır.
Bakalavr təhsilimi ADA Universitetində, magistr təhsilimi isə xaricdə almağı planlaşdırıram. Təhsilə xüsusi diqqət yetirirəm. Düşünürəm ki, yalnız yüksək təhsil almaqla həyatda uğur qazanmaq olar. Fənn olimpiadalarında da həmişə aktiv iştirak etmişəm. 2021-2022-ci tədris ilində keçirilən fənn olimpiadalarında tarix fənni üzrə birinci yeri tutaraq qızıl medal əldə etmişəm. Eyni nəticəni 2022-2023-cü tədris ilində də təkrarlayaraq Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənnindən qızıl medal əldə etmişəm".
"İmtahan suallar kifayət qədər rahat idi”
Səbinə Yusifova,
Qazax rayonunun Dəmirçi kənd orta məktəbinin şagirdi
Yüksək bal toplayan abituriyentlərdən biri də Qazax rayonunun Dəmirçi kənd orta məktəbinin şagirdi Səbinə Yusifovadır. Birinci sinifdən etibarən bütün fənləri yaxşı oxuyub. Sonralar isə öz ixtisas qrupuna aid olan fənlərə xüsusi diqqət göstərib. Deyir ki, mükəmməl hazırlaşmadan ali məktəbə qəbul olunmaq mümkün deyil. Amma, belə baxanda lazım olmayan fənn olmayıb. Demək olar ki, bütün fənlər arasında bir məntiqi əlaqə var. Və bu əlaqələrlə fənlər bir-biri ilə zəncirvari bağlanır. Odur ki, ali məktəbə hazırlaşarkən iki-üç fənni yaxşı oxumaqla kifayətlənmək olmaz. Babası da hər zaman ona dəstək olub.
III qrupu seçdiyi üçün müvafiq fənlərə üstünlük verib. İmtahanda 3 saatı tam dəyərləndirib, kitabçanı əldə etmək üçün axıra qədər qalıb. Deyir ki, imtahan suallar kifayət qədər rahat idi. Sadəcə çalışmaq lazımdır. Uğuruna isə həm ailə üzvləri, həm məktəb müəllimləri çox seviniblər. Bakı Dövlət Universitetinin ingilisdilli "Hüquqşünaslıq” ixtisasına qəbul olmaq istəyir. Təhsilini xaricdə davam etdirməyi düşünür. Səbinənin böyük bacısı Selcan da hazırda Bakı Dövlət Universitetinin III kurs tələbəsidir.
"Valideynlərimin əziyyətini itirmədiyim üçün qürur duyuram”
Ətraflı
Ceyran Rzayeva,
Masallı rayonu Şərəfə kənd orta məktəbin XI sinif şagirdi
Buraxılış imtahanında 300 bal toplayan şagirdlərdən biri də Masallı rayonu Şərəfə kənd orta məktəbin XI sinif şagirdi Rzayeva Ceyran Anar qızıdır. 9 illik təhsilini Masallı rayon Yavər Ağayev adına Bala Təklə kənd natamam orta məktəbində alıb.
Bütün fənləri sevdiyini qeyd edən Ceyran riyaziyyat, ingilis dili, tarix, Azərbaycan dili fənlərinə xüsusi maraq göstərdiyini bildirir. Kitab oxumağı, musiqi dinləməyi çox sevir. Ceyran yüksək bal toplamağında məktəbdə aldığı yüksək keyfiyyətli tədrisin, yaradılan şəraitin, müəllimlərin həvəsləndirici söhbətlərinin böyük rol oynadığını qeyd edir.
C.Rzayeva Masallı rayonunda təşkil olunan sınaq imtahanlarında mütəmadi olaraq birincilik əldə edib. Uğurlu gəncin arzusu Bakı Dövlət Universitetində "Hüquqşünaslıq” ixtisası üzrə təhsil almaqdır. Buraxılış imtahanında maksimum bal toplamağının sevincini Ceyran belə ifadə edir:
"Çox sevindim, valideynlərimin, müəllimlərimin əziyyətini itirmədiyim üçün qürur duyuram. Valideynlərim uşaqlıqdan hər seçimimdə mənə dəstək olublar. Bu da məni daha da ruhlandırırdı. Məncə, şagirdlər uğur əldə etmək üçün əzmkar, məsuliyyətli, yenilikçi və çalışqan olmalıdırlar. Gələcəkdə də qarşıma qoyduğum bütün məqsədlərə çatmaq uğrunda əlimdən gələni edəcəyəm".
"Hədəfi növbəti mərhələdə ən yüksək bal toplamaqdır”
Lamiyə Hacılı,
Biləsuvar rayon Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta məktəb
Buraxılış imtahanlarının nəticələrinə əsasən, Biləsuvar rayon Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta məktəbin şagirdi Hacılı Lamiyə Firdovsi qızı 300 bal toplayıb. Lamiyə təhsil aldığı məktəbin ən uğurlu şagirdlərindən biridir. Daim öz üzərində çalışmaqla, qazandığı nailiyyətləri ilə müəllim və valideynlərini sevindirib. Lamiyə buraxılış imtahanlarına böyük məsuliyyətlə hazırlaşıb. Bütün fənlərə maraq göstərib. Buraxılış imtahanlarında qazandığı uğur Lamiyə üçün böyük stimuldur. Lamiyənin hədəfi növbəti mərhələdə ən yüksək bal toplamaqdır.
Məsuliyyət və zəhmətin bəhrəsi
Həcər İsgəndərli,
Ağstafa rayonu, Həsənsu kənd orta məktəbin XI sinif şagirdi
Buraxılış imtahanlarında yüksək uğur qazanan şagirdlərdən biri də Ağstafa rayonu, Həsənsu kənd orta məktəbinin XI sinif şagirdi Həcər Emil qızı İsgəndərlidir.
Cari tədris ilində ölkəmizdə ümumtəhsil məktəblərinin şagirdlərinin ali məktəblərə qəbulunda yüksək göstəricilər sevindirici haldır. Bu, şagirdlərimizin ali məktəblərə hazırlıqda yüksək fəallıq göstərmələri, seçimlərini daha düzgün etməsi, məsuliyyətli olmalarının nəticəsidir. Builki uğurlu şagirdlərimizdən biri olaraq Həcər də buraxılış imtahanlarına məsuliyyətlə yanaşıb, öz üzərində daim çalışıb. Nəticə isə göz qabağındadır.
Uğur qazanan bütün şagirdlərimizi, onların valideynlərini, müəllimlərini təbrik edirik, şagirdlərimizə növbəti imtahanda uğurlar arzulayırıq.
Şərhlər