İngiltərənin şimal-qərb sahillərinə yüzlərlə qeyri-adi mavi dəniz canlısı çıxıb. Mütəxəssislər insanlara onları yalnız uzaqdan müşahidə etməyi, lakin heç bir halda toxunmamağı tövsiyə edirlər. Çünki bu canlıların sancması olduqca ağrılı ola bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Söhbət "külək dənizçiləri" adlandırılan canlılardan gedir. Görünüşcə meduzaya bənzəsələr də, əslində meduza deyillər. Onlar Portuqal gəmisinə (Portuguese man o' war) yaxın növ hesab olunur və uzunluqları təxminən 5 santimetrdir.
Sahildə yaşayan Luiza Nikolson bildirib ki, əvvəlcə bu canlıları yosun hesab edib və az qala əlinə götürəcəkmiş.
"Onlardan yüzlərlə var idi. Sahilə gələn insanlar onları maraqla şəkilləndirirdilər. Çox gözəl görünürdülər və cəmi 5 santimetr ölçüsündə idilər", – deyə o bildirib.
"Cumbria Wildlife Trust" təşkilatının mütəxəssisləri isə xəbərdarlıq ediblər ki, bu canlılar meduza olmasa da, sancmaları insan üçün çox ağrılı ola bilər.
Onların sözlərinə görə, "külək dənizçiləri" əslində birlikdə fəaliyyət göstərən poliplər koloniyasından ibarətdir. Koloniyadakı müxtəlif poliplər qidalanma, çoxalma və müdafiə kimi fərqli funksiyaları yerinə yetirirlər.
Bu canlıların ən diqqətçəkən xüsusiyyəti küləyi tutaraq okean səthində hərəkət etmələrini təmin edən sərt, yarımşəffaf "yelkən"ləridir. Onlar tentakulları vasitəsilə əsasən balıq körpələri ilə qidalanırlar.
Mütəxəssislər bildirirlər ki, güclü qış fırtınaları və uzunmüddətli qərb küləklərindən sonra sahillərə yüzlərlə, hətta minlərlə belə canlının çıxması mümkündür.
Fondun dəniz şöbəsinin rəhbəri Corciya de Yonq Kleyndertin sözlərinə görə, bu mavi canlılar əslində "kolonial hidrozoylar" adlanan kiçik yırtıcı dəniz orqanizmləridir.
Mütəxəssislər onların insanlar üçün həyati təhlükə yaratmadığını, lakin ağrılı sancmaya səbəb ola bildiyini vurğulayaraq, sahildə rast gələn şəxslərə bu canlılara toxunmamağı tövsiyə edirlər.
Günay
Şərhlər