Süni intellekt texnologiyalarından istifadə yalnız iş sahəsində deyil, şəxsi həyatda da genişlənir.
Qaynarinfo xəbər veruir ki, "Vice" nəşrinin məlumatına görə, istifadəçilərin 41%-i artıq ChatGPT kimi generativ süni intellektdən münasibətləri bitirmək üçün mesaj hazırlamaqda kömək istəyib.
Bəziləri üçün bu, düzgün sözləri seçərək tərəfdaşa daha az zərər vermək yoludur, digərləri üçün isə sadəcə çətin və xoşagəlməz söhbətdən qaçmaq vasitəsidir. ChatGPT-yə mesajın tonu əvvəlcədən verilə bilər – istər yumşaq və mərhəmətli, istərsə də soyuq və rəsmi formada. Neyroşəbəkə mətnə son düzəlişləri özü verir.
Ayrılıqdan sonra da süni intellekt prosesə cəlb olunur – bir çoxları onu ayrılıq dövrünü daha asan keçirmək, psixoloq və ya yaxın dost əvəzinə istifadə edir.
"Reddit" istifadəçilərindən biri deyir: "İnanmazsınız, amma ayrılıqdan sonrakı hisslərimi anlamaqda ChatGPT inanılmaz dərəcədə faydalı oldu. Elə bil psixoterapevtlə danışıram – istənilən yöndəmsiz sualı verə və eyni məsələni dəfələrlə müzakirə edə bilərəm, heç bir qınaq olmadan".
Rəsmi olaraq ChatGPT və digər süni intellekt sistemləri bu cür tapşırıqlar üçün nəzərdə tutulmasa da, təcrübə göstərir ki, insanlar çətin anlarında ona tez-tez üz tuturlar. Bununla yanaşı, ekspertlər bildirirlər: əgər şərait imkan verirsə, münasibətləri şəxsən bitirmək daha doğrudur. Bu, hisslər sönsə belə, qarşılıqlı hörmət və insanlığı qorumağa kömək edir.
Aydın
Şərhlər