Amerikalı iş adamı Mark Zukerberqin rəhbərlik etdiyi "Meta" şirkəti "Google" texnologiya korporasiyasının bulud xidmətləri üçün 10 milyard dollardan artıq vəsait ödəyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə CNBC iki məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Mənbələrin sözlərinə görə, altı illik müqavilə əsasən süni intellekt infrastrukturu ilə bağlıdır. "Google" məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Qeyd olunur ki, "Google" bulud infrastrukturu sahəsində daha böyük rəqibləri olan "Amazon Web Services" və "Microsoft Azure"u yaxalamaq üçün iri müqavilələr əldə etməyə çalışır.
Bu ilin əvvəlində "OpenAI" startapı "Google"un bulud xidmətlərindən istifadə edəcəyini açıqlamışdı. Halbuki bundan əvvəl o, dərin şəkildə "Microsoft Azure" infrastrukturundan asılı idi.
"Meta" və "Google" uzun müddətdir onlayn reklam bazarında rəqibdir. Lakin "Meta" hazırda əldə edə biləcəyi bütün bulud infrastrukturuna ehtiyac duyur.
Şirkət həmçinin məlumat emalı mərkəzlərini idarə edir və "Amazon" ilə "Microsoft"un bulud xidmətlərindən istifadə etməyi öhdəsinə götürüb.
Xatırladaq ki, daha əvvəl amerikalı startap "Perplexity AI" süni intellektdən istifadə edən dialoq əsaslı axtarış sistemini hazırlayaraq "Google"a öz "Chrome" brauzerini təxminən 34,5 milyard dollara satmağı təklif etmişdi.
Aydın
Şərhlər