Dünya 14:20 28.06.2022

İordaniyanın Əqabə limanında xlor qazı sızdı, azı 12 nəfər öldü, 250 zəhərləndi

İordaniyanın Əqabə limanında içərisində xlor qazı olan çənin gəmiyə daşınması zamanı çökməsi zəhərli qazın limanda dağılmasına səbəb olub. Nəticədə azı 12 nəfər ölüb, 250-dən çox adam zəhərlənib.

Qaynarinfo bu barədə "İranintl" saytına istinadən xəbər verir.

Qəza bazar ertəsi axşam İordaniyanın cənub-qərbindəki Əqabə limanında kranla Cibutiyə gedən gəmiyə daşınan 25 ton xlor qazı olan çənin yolun ortasına düşərək ərazini örtməsi nəticəsində baş verib. 

İordaniya Səhiyyə Nazirliyi zəhərlənənlərin əksəriyyətinin vəziyyətini yaxşı qiymətləndirib və onlardan yalnız bir neçəsinin çərşənbə axşamına qədər xəstəxanada qalacağını, qalanlarının isə evə buraxılacağını bildirib.

Əqabə limanında baş verən insidentdən sonra yerli rəsmilər sakinləri evlərini tərk etməməyə çağırıb və ordunun xilasedici təyyarələri limana göndərilib.

Limandakı fəaliyyətlər müvəqqəti olaraq dayandırılıb, lakin İordaniya rəsmiləri gəmilərin Əqabə körfəzi və Qırmızı dənizin sularında fəaliyyətini davam etdirdiyini bildirir.

Əqəbədəki buğda silosları da normal fəaliyyətini dayandırıb və müfəttişlər tərəfindən yoxlanılır.

İordaniyanın baş naziri Bəşər əl-Xəsəva zəhərlənənləri ziyarət etmək üçün bazar ertəsi gecə Aqaba limanına gəlib.

İordaniya baş nazirinin göstərişi ilə insidentlə bağlı araşdırmalara başlanılıb.

M.Arif