Xəbər lenti

Şir və pələng: Döyüşdə hansı qalib gələr və heyvanlar aləminin şahı hansıdır?
Dünya 10:37 04.01.2026

Şir və pələng: Döyüşdə hansı qalib gələr və heyvanlar aləminin şahı hansıdır?

"Yırtıcı” sözü deyiləndə ilk ağla gələnlərdən biri pələng və şirdir. Onlar öz regionlarında qida zəncirinin zirvəsində duran, doğrudan da qorxulu heyvanlardır və "heyvanlar aləminin şahı” tituluna layiq görülürlər. Onlardan şübhəsiz ki, yalnız insan daha güclüdür. Bunun səbəbi isə aydındır. Bəs pələnglə aslanı müqayisə etsək, hansı daha güclüdür? 

Qaynarinfo xəbər verir ki, "Discover Wild Life" bu çətin suala cavab tapmağa çalışıb.

Şirlər və pələnglər ölçülərinə və "silahlanma arsenalına” görə bir-birinə çox bənzəyir. Buna görə də onların hipotetik qarşıdurmasında qalibi ilk baxışdan müəyyənləşdirmək elə də asan deyil. Üstəlik, vəhşi təbiətdə bu heyvanların yolları kəsişmir. Keçmişdə onların yayılma arealları qismən üst-üstə düşsə də, bu gün bir-biri ilə yalnız zooparkda rastlaşa bilərlər. Orada isə heç kim onların döyüşməsinə icazə verməz.

Bəs, şirlər pələngin hipotetik döyüşündə hansı qalib gələrdi? Bir neçə min il əvvəl pələnglər və şirlər Türkiyə dağlarının ətəklərində qarşılaşa bildikləri dövrdə böyük ehtimalla mübarizədən qalib çıxan tərəf şirlər olardı. Səbəb sadədir: şirlər sürü halında yaşayır, pələnglər isə təkdir.

Əgər bu heyvanlar təkbətək qarşılaşsa, vəziyyət o qədər də aydın olmaz.

Tarixi mənbələrdə XIX əsrin sonlarında, heyvan hüquqlarını müdafiə edən hərəkatın demək olar ki, mövcud olmadığı bir dövrdə, hindistanlı maharaca Sayacirao Gaekvad III-ün "heyvanlar aləminin şahı” tituluna kimin layiq olduğunu — aslanın, yoxsa pələngin — müəyyənləşdirmək istədiyi qeyd olunur.

Rəvayətlərə görə, döyüş minlərlə tamaşaçının gözü qarşısında təşkil edilib və guya uzun və son dərəcə qanlı mübarizədən sonra qalib pələng olub. Lakin bu hekayəni təsdiqləyən etibarlı sübutlar və ya birbaşa şahid ifadələri yoxdur. Buna görə də bu əhvalatın geniş yayılmış mifdən başqa bir şey olmaması istisna edilmir.

Daha inandırıcı hesab edilən məlumatlar zooparklarda baş vermiş təsadüfi insidentlərlə bağlıdır. Belə hadisələrdən birini Çarlz Darvin 1871-ci ildə təsvir edib. Onun sözlərinə görə, İngiltərədəki zooparklardan birində pələng şirin qəfəsinə girərək onu öldürüb.

Digər bir hadisə 2010-cu ildə Ankaradakı zooparkda baş verib. "Kadir" adlı pələng volyerlər arasındakı boşluqdan pəncəsini uzadaraq şirin boyun damarını cırıb və heyvan qan itkisindən ölüb. Lakin bu hadisəni ədalətli döyüş adlandırmaq çətindir.

Bununla yanaşı, əksinə — zooparklarda şirlərin pələngləri öldürdüyü hallar da məlumdur. Məsələn, mətbuat 1949-cu ildə Avstraliya zooparklarından birində şirin pələngi öldürdüyünü, həmçinin 1951-ci ildə ABŞ-ın Detroyt şəhərində sirk tamaşası zamanı şirin pələngə hücum edərək onu "3000 qorxmuş uşağın gözü qarşısında” öldürdüyünü yazıb.

"Belə görünür ki, şir həqiqətən pələngi öldürə bilər, amma yalnız o halda ki, pələng birinci şiri öldürməsin”, deyə "Discover Wild Life” yekunlaşdırır.

Aydın

--> -->