Siyasət 15:01 15.04.2023

"İran Azərbaycanı təxribata çəkir, Vilayətinin mesajı isə..." - Politoloq

"Vilayətinin bu açıqlaması onu göstərir ki, Tehran qabaqlayıcı addımlar atmaq istəyir. Vilayəti İranı təmizə çıxarmağa çalışır. Belə bir fikir formalaşdırmaq istəyir ki, guya İran müharibəyə hazırlaşan ölkə deyil, amma məcbur etsələr, bunu da edə bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayətinin ölkəsinin Azərbaycanla müharibəyə hazırlaşmadığı barədə səsləndirdiyi fikrini şərh edərkən deyib:
 


"Vilayəti səhvə yol verir. 1980-1988-ci ildə İranla İraq arasında 8 il müharibə oldu. Vilayəti sadəcə diplomatik qaydada müharibə etmədiklərini bəyan edir. Məsələ ondadır ki, İraqla müharəbədə də Tehran əvvəl onları qızışdırdı, daha sonra da vəziyyəti müharibə həddinə gətirib çıxardı. İran özü heç kəsə müharibə elan etmir - qarşı tərəfin müharibəyə başlaması üçün təxribata çəkir. Tehran qonşularla özü müharibə etməsə də, İslam İnqilabından üzübəri "Hizbullah”, "Həmas” kimi terrorçu təşkilatlardan istifadə etməklə qonşu ölkələrlə müharibə aparıb. Suriya, İraq, Livan, Yəməndə bu günə qədər gedən bütün müharibələrin arxasından həmişə Tehran çıxıb”. 

Qeyd edək ki, İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti Tehranın Azərbaycanla müharibəyə hazırlaşmadığını bu sözlərlə izah edib: "İslam İnqilabından sonra İran 15 qonşu ölkədən heç birinə hücum etməyib, müharibəyə başlamayıb və başlamayacaq”. 

Rüfət Sultan