Xəbər lenti

Siyasət 14:32 12.12.2023

İran rəsmisinin bəyanatının pərdəarxasında nə dayanır? (ŞƏRH)

"İran ölkəmizə münasibətdə sona qədər şəffaf deyil. Belə olan halda, İranın Cənubi Qafqazda davamlı sülhə töhfə verməsi absurddur".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov İran XİN-in sözçüsü Nasir Kənaninin ölkəsinin Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına töhfə verməyə hazır olduğu barədə fikrini şərh edərkən deyib.

Politoloq bildirib ki, son zamanlar müəyyən xoş niyyətli bəyanatlar səslənsə də, İranla Azərbaycan arasında münasibətlər istənilən səviyyədə deyil:

"Bu ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyində baş verən terror hadisəsindən sonra hələ də səfirlik öz fəaliyyətini bərpa etməyib. Səfirlik fəaliyyət göstərmirsə, yaxud da onun fəaliyyətinə mane olan ciddi səbəblər qalırsa, Tehranla Bakı arasında münasibətlərin yüksəldiyi barədə yeni nəsə demək olmaz. İran reallıqda Azərbaycanla münasibətləri inkişaf etdirmək niyyətində olsa, ilk növbədə səfirliyin açılmasına maneə olan səbəbləri aradan qaldırmalıdır".
 


Həmsöhbətimiz qeyd edib ki, İranın bu sayaq açıqlamaları heç nəyə yaramayan bir bəyanatdır:
 
"İran bütün platformalarda sülhə və qarşılıqlı əməkdaşlığa tərəfdar olduğu barədə bəyanatlar verir. Amma bu bəyanatların arxasında real olaraq heç nə dayanmır. Tehran 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yumub. Amma torpaqlarımız işğaldan azad edildikdən sonra Ermənistanı müdafiə etmək adı ilə Zəngəzur dəhlizinin açılmasını özünün "qırmızı xətti" elan edib. Tehran Bakı ilə normal münasibətlər qurmaq istəyirsə, Azərbaycanın xarici siyasətinə maneə olmamalıdır. İran həmçinin Azərbaycanın regional dövlətə çevrilməsini həzm edə bilmir. Tehranın Azərbaycanla yaxınlaşmaq üçün son bir neçə ayda müəyyən addımlar atması isə İranın Ermənistanla münasibətlərinin bir qədər soyuması fonunda baş verir".

Qeyd edək ki, İran XİN-in sözçüsü Nasir Kənani Tehranın Qafqaz regionunda davamlı sülhə töhfə verməyə hazır olduğunu deyib: "Davamlı sülhə nail olmaq sülhpərvər ritorika və regional tərəflər arasında etimad mühitinin gücləndirilməsini tələb edir. Ümid edirik ki, bu tədbirlər Azərbaycanla Ermənistan arasında sülh və sabitliyə səbəb olacaq. İran İslam Respublikası regional sülh və təhlükəsizlik üçün hər iki ölkəyə kömək etməyə hazırdır". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->