İran İslam Respublikasının Ekspertlər Şurası sabiq Ali lider Əli Xameneinin oğlu Müctəba Xameneini İslam Respublikasının yeni Ali rəhbəri seçib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
İran Ekspertlər Məclisinin üzvü Hüseyn Əli Eşkəvari daha əvvəl Xameneinin adının İranın Ali lideri olaraq qalacağını bildirib. Eşkəvari əlavə edib ki, yeni lider seçilib və onun adı tezliklə rəsmilər tərəfindən açıqlanacaq.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölməsi) yen Ali Lideri Müctəba Xameneiyə sədaqət andı içib və onun göstərişlərinə əməl etməyə hazır olduğunu bildirib. Bu barədə SEPAH-ın Mətbuat xidməti məlumat yayıb. Bəyanat İranın Dövlət Televiziyası tərəfindən yayılıb.
"Mühafizəçilər korpusu sadiq əsgər və hakimiyyətin güclü dayağı olaraq, rəhbərlik üzrə hörmətli Ekspert Şurasının seçimini dəstəkləyərək, cənab Ayətullah Seyid Müctəba Xameneinin ilahi göstərişlərinə tam tabe olmağa və fədakarlıqla əməl etməyə hazırdır", deyə bəyanatda deyilir.
Müctəba Xamenei 1969-cu (bəzi mənbələrdə 1968) ildə İranın Məşhəd şəhərində anadan olub. Qum şəhərində dini təhsil alıb, şiə ilahiyyatı üzrə klassik hövzə (dini seminariya) sistemində yetişib.
İran siyasi sistemində rəsmi dövlət vəzifəsi tutmasa da, uzun illər ölkənin siyasi və təhlükəsizlik strukturlarına təsir edən fiqurdur. O, atasının siyasi şəbəkəsinə yaxın şəxslərlə əlaqələri koordinasiya edən şəxslərdən biri olub.
Bəzi ekspertlər Müctəba Xameneinin SEPAH ilə yaxın əlaqələrə malik olduğunu qeyd edirlər. Bu əlaqələrin onun ölkə daxilində siyasi təsir imkanlarını artırdığı bildirilir.
Müctəba Xamenei ictimaiyyət qarşısında nadir hallarda görünür və mediada çox az çıxış edir. Onun şəxsi həyatı və fəaliyyəti barədə məlumatlar məhduddur, buna görə də o, İran siyasətində ən qapalı fiqurlardan biri hesab olunur.
57 yaşlı Müctəba Xamenei Körfəz müharibəsində iştirak edib. O, atasının siyasi kursunun qatı tərəfdarı kimi tanınır.
Fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.
İslam Respublikasının Ali rəhbəri Əli Xamenei fevralın 28-də İrana zərbələr zamanı öldürülüb.
Şərhlər